Kikboksinq üzrə 4 qat dünya çempionu, polis kapitanı Kamil Şərifov bu gecə Bakıda bıçaqlanıb.
İdmanxeber.com “ANS PRESS”ə istinadən xəbər verir ki, bu barədə Kamil Şərifovun yaxın dostu, məşqçi Kamil Zeynallı öz “İnstagram” səhifəsində bildirib. Kamil Zeynallı dostunun xəstəxana çarpayısında uzanıqlı vəziyyətdə fotosunu da yayıb.
“Kamil 10-cu bölmədə işləyir. Növbədə olarkən iki nəfər şübhəli ilə rastlaşıb. Yaxınlaşıb və sənədlərini tələb edib. Onlar isə tapança çıxarıblar. Kamil də öz xidməti tapançasından istifadə etmək istəyib. Bu zaman kənardan üç nəfər gələrək guya onları ayırmaq istəyib. Amma ayırmaq istəyənlərdən biri Kamilə yaxınlaşaraq onu xaincəsinə bıçaqla vurub. Nəzticədə 3 bıçaq yarası alıb”,- deyə Kamil Zeynallı ANS PRESS-ə bildirib.
Onun sözlərinə görə, dünən əməliyyatdan sonra Kliniki Tibbi Mərkəzin reanmasiya şöbəsinə yerləşdirilmiş Kamil Şərifov bu səhər Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. “Allah şəfa versin! Qardaşım dəfələrlə Azərbaycanın bayrağını qaldırıb. Həm polis, həm də idmançı kimi Vətənə xidmət edib”,- deyə Kamil Zeynallı vurğulayıb.
Onun sözlərinə görə, daxili işlər naziri Ramil Usubov vəziyyəti şəxsən nəzarətə götürüb.
11 qat Azərbaycan çempionu olmuş, K1 turnirinin qalibi, dünya kubokunun sahibi, 4 qat dünya çempionu və beynəlxalq dərəcəli idman ustası, polis kapitanı Kamil Şərifov Qobu qəsəbəsində bıçaqlanıb. Onu idmançılar “Prince Baku” ləqəbi ilə də tanıyırlar.