29 Yanvar 2025
İdman

“Düşünürdük ki, San Marino qrupun ən zəif komandasıdır” – millimizin oyunçusu

“Kosovo – San Marino görüşünü izləmişdik, düşünürdük ki, San Marino qrupun ən zəif komandasıdır”.

İdmanxeber.az xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin üzvü Nazim Hüseynov Avropa çempionatının ilkin mərhələsində qarşılaşdıqları San marino ilə matçdan sonra Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Futzalçı keçirdiyi oyunları dəyərləndirib:

“Oyun gözlədiyimizdən daha çətin keçdi. Ola bilsin, 2 gün ərzində iki oyuna çıxmağımız yorğunluq yaratdı. Həm də Kosovo – San Marino görüşünü izləmişdik, düşünürdük ki, San Marino qrupun ən zəif komandasıdır. Bu da müəyyən qədər arxayınlıq yaratmışdı. Düzdür, məşqçilər diqqətli olmağımızı, bu görüşün əvvəlkindən daha çətin keçəcəyini deyirdilər. Çünki rəqibimiz həm bir gün artıq istirahət etmişdi, həm də itiriləsi heç nəyi qalmamışdı. Çox şükür, vacib olan xalı qazandıq”.

Milli üzvü qarşıya qoyulan məqsədə çatdıqlarını söyləyib:

“Bura birinci yeri tutmaq və mərhələ adlamaq üçün gəlmişdik. İkinci görüşdə qələbə qazana bilməsək də, yekunda qarşıya qoyulan məqsədə nail olduq. Yeri gəlmişkən, bu gün (dünən) atamın doğum günüdür. Çox istəyirdim qol vurum və ona hədiyyə edim. Bunun üçün şansım da oldu, təəssüf ki, zərbədən sonra top qapı dirəyinə dəydi. İstənilən halda, mərhələ adlamağımız da uğurdur və atamı bununla təbrik edirəm”.

N.Hüseynov əsas mərhələdə rəqiblərin daha güclü olacağını vurğulayıb:

“Əsas mərhələdə daha güclü rəqiblərlə qarşılaşacağıq. Ona qədər azı 2 ay vaxtımız var. Həm Yüksək Liqada oyunlarımız olacaq, həm də yaxşı hazırlıq keçəcəyik. Ümid edirəm ki, əsas mərhələdə də qazanacağımız xallarla futzal ailəsini sevindirəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43