AZAL klubu heyətini gücləndirməkdə davam edir.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda növbəti transferini gerçəkləşdirib.
Məşqçilər korpusunun rəğbətini qazanan braziliyalı Eduardo ilə rəsmi müqavilə imzalanıb. Tam adı Eduardo da Konseysao Masiel olan hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Maraq üçün Eduardonun 1986-cı ildə Braziliyada – Nova İquasua doğulduğunu, amma hazırda Polşa vətəndaşı olduğunu qeyd edək. 27 yaşlı forvardın karyerasına gəlincə, Braziliyanın “Korintians” klubunun yetirməsi doğma vətənində bu klubdan başqa, “Botafoqo”da çıxış edib. Üstəlik, o Yaponiyada “Naqoya Qrampus Eyt”, Almaniyada “Rot Vayss Alen” və “Proyssen TV Verl”, Polşanın “Stomil” klublarının formasını geyib. Sambaçının son klubu isə Liviyanın “Əl-Əhli Aley” komandası olub.