“Millimiz Belçikaya qarşı pis çıxış etmədi. Həmin görüşdə komandamız yaxşı oynamışdı. Ancaq qarşıdakı iki matçda artıq nəticə olmalıdır. Oyunlar asan keçmir. Səfərdəki Estoniya, evdəki Avstriya görüşlərində xal qazana bilərik”.
Bu sözləri İdmanxeber.az saytına milli komandamızın sabiq üzvü Əfran İsmayılov yığmamızın AVRO-2024 seçmə mərhələsi çərçivəsində keçirəcəyi iki oyun barədə danışarkən deyib. “Araz Naxçıvan” klubunun məşqçisi yığmaya çağırılan oyunçular barəsində də danışıb:
“Futbolçuları milliyə baş məşqçi dəvət edir. Əksəriyyəti doğru qərardır. Amma bir-iki oyunçu var ki, onları da çağırmaq olardı. “Araz Naxçıvan”dan Abdulla Rzayevi, Turan Manafovu da dəvət edə bilərdi. Ola bilsin çağırmamaqda nəsə bilir. Qarşıdakı görüşlərdə dəvət göndərə bilər. Əsas nəticə qazanmaqdır. Əgər bu oyunlarda da qələbə gəlməsə, Canni De Byazi getməlidir”.
İsmayılov Estoniya və Avstriya komandaları ilə millimizin heyətinin səviyyəsindən də söz açıb. O, bu oyunlardan nəticə qazana biləcəyimizi vurğulayıb:
“İki qarşılaşmadan 4 xal yığa bilərik. Estoniyanı məğlub etmək olar. Səviyyəcə bizdən üstün deyillər, hətta aşağıdılar deyə bilərik. Avstriya ilə evdə heç-heçə etmək mümdündür. İki oyunda 4 xal bizim üçün qənaətbəxş olar. Düzdür, Avstriya bizdən səviyyəcə üstündür. Bütün oyunçuları Avropada çıxış edir. Amma elə rəqib deyillər ki, gəlib bizə 3-4 top vursunlar. Belçikanı onlardan da güclü görürdük. Ancaq çətinliklə bizi məğlub etdilər. Futbolda hər şey olur. Sadəcə, yaxşı mübarizə aparmaq, oynamaq lazımdır”.
Həsən Quluzadə