16 Sentyabr 2024
Ölkə futbolu

“Əgər sistemimiz belədirsə, bu, müasir futbolun çox gerisində qalıb”

“Bakıda İsveçi məğlub etdiyimiz matçda yaxşı oynamışdıq. Çünki yığma görüşlərinin hamısına ciddi yanaşılır. Hətta yoldaşlıq matçı olsa belə. Dünən də pis oynamadıq. Yaxşı şanslarımız oldu. Görüşü stadiondan canlı izləyirdim. İkinci dəqiqədə yaxşı imkan var idi, daha sonra penlatidən yararlana bilmədik”.

Bu sözləri İdmanxeber.az saytına millimizin sabiq futbolçusu Əfran İsmayılov Azərbaycan – İsveç oyunu (1:3) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Komandamızın yaxşı şansları olsa da, çoxlu boşluqlar verirdi. Oyun çox açıq keçdi. Rəqibə verdiyimiz boşluqların səbəbləri var. Coşqun Diniyevlə Aleksey İsayev matçın sonuna qədər gedib müdafiəçilərin ağzının içinə giriblər. Oyunçular sanki bir-birinə yapışıblar. Rəqiblə birə-bir oynayırıq? Əgər sistemimiz belədirsə, bu, müasir futbolun çox gerisində qalıb. Nə vaxt baxsam, iki oyunçu da müdafiədən çıxmırdılar. Hətta müdafiə xətti ilə eyni dururdular. Rəqibə verilən boşluqların səbəbi də bu idi.

Niyə belə oynadığımızı başa düşmədim. Hücumda isə pis deyildik. Yaxşı imkanlar oldu. İstifadə etmək lazım idi. Penalti qol olsaydı, bəlkə daha fərqli olardı. Amma görünən odur ki, İsveç yaxşı komandadır və güclü futbolçuları var. Qələbəyə də layiq idilər”.

İsmayılov görüşdə qazandığımız penaltini Emin Mahmudovun yox, Ramil Şeydayevin vurmasına isə belə münasibət bildirib:

“Bu barədə çox danışmaq istəmirəm. Niyə Emin yox, Ramil vurdu onu da bilmirəm. Rəhbərlik var, məşqçi var. Onlar araşdırsınlar görək nə olub, nə baş verib. Niyə belə alındığını onlar daha dəqiq bilər”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43