08 Sentyabr 2024
Ölkə futbolu

Elmar Baxşıyev: “Daha da artırmalıyıq ki, sonuncu sıradan qurtulaq”

Azərbaycan Premyer Liqasının XXI turunun “Qəbələ” – “Zirə” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Idmanxeber.az məlumat verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Maraqlı oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı, dinamikalı matç keçdi. Heyətlə bağlı sıxıntılarımız var idi. Oyuna çıxanlar olmayanları layiqincə əvəzetdilər. Komandamdan razıyam, daha da artırmalıyıq ki, sonuncu sıradan qurtulaq.

– İtkilər fonunda bu nəticəni qələbəyə bərabər hesab edirsiniz?

– İtkiləri bilirdik. Şükürlər olsun ki, boşluqları doldura bildik və komandam yaxşı mübarizə apardı.

– Ülvi İsgəndərov yenə yaxşı qol vurdu. Ona nəsə mükafat olacaq?

– Qola heç bir mükafat vermirik. Aparıcı oyunçularımızdandır. Ülvidən həmişə qeyri-adi gözləməyə dəyər.

– Klesio Baukun durumu nə yerdədir?

– Bauk bizə zədəli gəlmişdi. Bu oyuna çıxmağı risk idi. Sağ olsun, bu durumda komandaya öz faydasını verməyə çalışdı. Zədəsini çox ciddi deyil, sadəcə özünü qorumaq üçün meydançadan çıxmaq istədi.
 
– Emil Səfərov sanki aqressiv idi…

– Futbolçu gənc olsa da, istəyini göstərməlidir. Emil intizamlı oyunçudur, aqressiv olması da oyun planı ilə bağlıdır.

– Rəqibin heyətində sizin sabiq futbolçularınız – Qismət Alıyev, Rafael Utziq, Ruan Renato var idi. Necə hisslər keçirdiniz?

– Futbolda belə hallar olur. Bizimlə olanda böyük işlər gördülər, klubun tarixinə düşdülər. Heç bir futbolçudan incik deyilik. Qismət olarsa, gələcəkdə yenə birlikdə işləyə bilərik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43