26 Dekabr 2024
Ölkə futbolu

Elmar Baxşıyev: “Nə rəhbərlik, nə futbolçular, nə heyət…”

Qəbələdə təlim-məşq toplanışında olan bölgənin eyniadlı komandası bu gün hazırlıq prosesində ilk yoxlama oyununu keçirəcək. “Kəpəz”lə matçdan öncə “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev İdmanxeber.az-ın əməkdaşının suallarını cavablandırıb.

– Öncə təlim-məşq toplanışını dəyərləndirərdiniz…

– Yanvarın 4-dən hazırlığa başlamışıq və plan üzrə davam edirik. Toplanış dönəmində 2 yoxlama matçı keçirməyi nəzərdə tutmuşuq ki, onun biri bu gün “Kəpəz” qarşı olacaq. İkinci qarşılaşma yanvarın 15-nə planlaşdırılıb. Rəqib isə “Araz-Naxçıvan”dı.

– Antalyaya getmədiyiniz üçün təəssüf hissi keçirmirsiz?

– Xeyr, Qəbələdə normal toplanış keçmək üçün hər cür şərait var.

– Rəhbərlikdən Antalya toplanışı əvəzinə iki yeni transfer istəmisiz. Bu yöndə nə yenilik var? Bildiyimiz qədər “rənglərinizə bağalamaq” istədiyiniz hər iki legioner afrikalıdı…

– Bizim müəyyən büdcəmiz var və onu aşa bilmərik. Bəli, heyəti gücləndirmək üçün rəhbərlikdən iki yeni transfer istəmişdim. Artıq Klesio Baukun keçidi rəsmiləşib. O, bizə tanış simadı. Əminik ki, komandaya kömək edəcək. İkinci futbolçuya gəlincə, maraq dairəmizdə olan oyunçu Afrikadan deyil.

– Yanvarın 21-i artıq Premyer Liqada 2-ci yarı start götürür. Düşünmürsüz ki, transferlərdə gecikiriz?

– Mən heç vaxt transfer xətrinə transfer etməmişəm. Gec olacaqsa da olsun. Əsas odu istədiyim, bizə fayda verə biləcək futbolçu tapa bilək.

– Omar Hani ilə vidalaşddız, Osama Xalaylanın və Zurab Oçiqavanın da yol üstündə olduğu deyilir…

– Rəsmi olaraq yalnız Omarla yollarımızı ayırmışıq. Ona gələcək karyerasında uğurlar arzulayırıq, Qəbələ üçün faydalı işlər gördü. Amma, futbol həyatı belədir. Bu gün burdasan, sabah başqa yerdə. Bir futbolçunun da gedişi gündəmdədir, ancaq ad çəkməyəcəm. Məşq prosesindən çox şey aslıdır.

– Dünən mtbuata açıqlamanız da Omarın komandada qalacağını demişdiz. Ancaq bu gün artıq onunla yolları ayırdız. Bu qərar qəflətən qəbul olundu, yoxsa hansısa məsələlərdə razılığa gəlmək istəyirdiniz və bu səbəbdən onun gedəcəyini söyləməmişdiz?

– Omar klub tapmalıdır ki, biz onu yola salaq və bildiyim qədər artıq yeni klubu müəyyənləşib. Ona görə onun gedəcəyi rəsmi olaraq bu gün təsdiqləndi.

Bu gün “Kəpəz” ilə qarşılaşacaqsınız. O komanda ilə ki elitada qalmaq uğrunda mübarizədə əsas rəqibinizdir. Bu qarşılaşmanı bilərəkdən təşkil etmisiz ki, rəqibin gücünə nəzərə salasız, yoxsa başqa komanda tapmadığınızdan gəncəlilərlə üz-üzə gəlirsiz?

– “Kəpəz” bizə müraciət etdi. Biz də məmnuniyyətlə yoldaşlıq oyunu oynamağa hazır olduğumuzu bildirdik. Rəqibimiz olsalar da bu yoldaşlıq oyunudu. İstərdik ki, hər iki tərəf zədəsiz oyunu başa vursun.

– Çempionat başlayanda heç kim proqnozlaşdırmırdı ki, “Qəbələ” mövsümün yarısını sonuncu pillədə bitirər. Fasiləyə qədər nə çatmadı ki, sonuncu yerdə qərarlaşdınız və fasilədən sonra vəziyyətdən çıxmaq üçün düşünürsüz?

– Çox sayda oyunçu getdi. Bundan başqa onu da nəzərə almaq lazımdı ki, kollektivə yeni qoşulanların da uyğunlaşması üçün müəyyən vaxt lazımdı. Açığı, çətin olacağını təxmin edirdik, amma bu qədər ağır keçəcəyini düşünmürdük. Bu iki dövrəyə nəzər yetirsək görərik ki, əksər matçlarda optimal heyətlə meydana çıxa bilmədik. Mənim istədiyim hücum futboludur. Oyun qurucuları da yarımmüdafiənin mərkəzində çıxış edənlərdi. Onlar da olmayanda müəyyən rotasiyalara getmək məcburiyyətində oluruq və həmin keyfiyyəti ala bilmirik. Ümidsiz deyilik. Bu komandanın potensialı, güclü xarakteri var. Bunu görməsəydim deyərdim heç nə mümkün deyil. Komandama inanıram və düşünürəm ki, qışdan sonra fərqli oyun görəcəyik.

– Bura gəlməmişdən öncə şəhərdə azarkeşlərlə həmsöhbət olmağa vaxtımız oldu. “Qəbələ”nin bundan sonrakı taleyi ilə bağlı onlar daçox narahatdır. Burdan onlara nə söz verə bilərsiz?

– Azarkeşlərimizi başa düşürük və inandırım ki, onlardan da çox biz narahatıq. Nə rəhbərlik, nə futbolçular, nə heyət – heç kəs klubun bu vəziyyətdə olmağın istəmir. Düşünürəm ki, sözlə yox daha çox əzmkarlıq göstərib, daha çox iddialı olub bu durumdan çıxmaq lazımdır.

– Emil Səfərov məşqi yarımçıq tərk etdi. Yenə zədələndi?

– Zədəsi ciddi deyil. Dünəndən mikro zədəsi var idi. Daha çox Emili qorumağı düşündük.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43