Avropa Liqasının pley-off mərhələsinin “Partizan”la cavab matçından (1:2) sonra “Neftçi” klubunun müdafiəçisi Elvin Yunuszadə jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.com-un məlumatına görə, E.Yunuszadə bu fikirləri söyləyib:
“İlk oyunda heç nədən uduzmuşduq. Bu dəfə qələbə qazanmaq istəyirdik. Ancaq havanın çox isti olması və stadionun ot örtüyünün bərbad vəziyyətdə olması oyunumuza təsir etdi. Başabaş oyun getdi. “Partizan” bizdən güclü deyildi. Sadəcə ilk oyunun nəticəsi onlara sərf etdiyi üçün daha rahat oynayırdılar. İstər-istəməz rəqib top saxlamalı idi. Ot örtüyünün pis vəziyyətdə olması hücum etmək istəyən komandaya mane olur. Təəssüf ki, stadiona gələn xeyli sayda azarkeşimizi sevindirə bilmədik. Qismətimizdə qələbə qazanamq yox imiş. Bundan sonra çempionat oyunlarına ciddi yanaşmalıyıq. Çempionatda yaxşı nəticə qazanmalıyıq ki, gələn il də ölkəmizi avrokuboklarda təmsil edək”.