19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev AFFA.az saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək oyunlarla bağlı fikirlərini bildirib.
İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, Abdullayev komandanın uğurlu nəticə qazanmaq istədiyini deyib:
“Noyabrın 6-da Bakıda təlim-məşq toplanışına başlamışıq. Dünəndən isə Moldovada hazırlıq keçirik. Məşqlər plan üzrə baş tutur. İrlandiya yığması qrupumuzun favoriti hesab edilir. Buna baxmayaraq, qrupda ilk iki yerdən birini tutaraq, elit-raunda vəsiqə qazanmaq istəyirik. Düzdür, rəqiblərimiz güclü komandalardır. Ancaq bura elə-belə gəlməmişik. Məqsədimiz evə uğurlu nəticə ilə – elit-raunda yüksələrək qayıtmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda yer alan U-19 noyabrın 13-də İslandiya, 16-da İrlandiya və 19-da Moldova yığması ilə qarşılaşacaq. Qrupun bütün oyunları Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq.