Müsahibə

Elxan Məmmədov: “Məqsədimiz qrupda üçüncü yeri tutmaqdır” – MÜSAHİBƏ

AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsi

– 2020-ci il Avropa çempionatında Bakının namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlər UEFA-ya nə vaxt təqdim olunacaq?

– Sənədlərin 90 faizi hazırdır. Ümumiyyətlə, UEFA-nın tələblərinə uyğun olaraq sənədlər 2 əsas hissədən – sifariş kitabından və təminat məktublarından ibarətdir. Sifariş kitabı Bakıdakı infrastrukturdan bəhs edir. Bura stadionlar, hava limanı, mehmanxanalar, yollar, nəqliyyat vasitələri və s. aiddir. İkinci hissəyə  gəlincə, bura İcra Hakimiyyətinin, nazirliklərin və bir çox digər dövlət orqanlarının təminat məktubları daxildir. Aprelin 25-ə kimi sənədlər UEFA-ya təqdim olunmalıdır. Ayın 23-24-də lazım olan bütün sənədləri ali quruma təqdim etməyi planlaşdırırıq.
– Bakıda inşa olunan Olimpiya stadionunun tikilişi nə yerdədir? Ümumiyyətlə, stadionun açılışı ilə bağlı hər hansı tədbir planlaşdırılırmı? Məsələn, hansısa milli ilə yoldaşlıq oyunu keçirmək.
– Bildiyiniz kimi bu stadion Dövlət Neft Şirkəti və Gənclər və İdman Nazirliyi tərəfindən inşa olunur. Açılış gələn ilin əvvəlinə nəzərdə tutulub. Rəsmi açılış isə Yay Olimpiya Oyunları ilə bağlı olacaq və bu üzdən kiminləsə yoldaşlıq oyunu keçirməyi nəzərdə tutmuruq. İnşaat şirkəti ilə mütəmadi olaraq görüşüb vəziyyətlə maraqlanırıq, işlər plana uyğun gedir.
– AFFA ictimai təşkilat olduğundan Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə əsasən apardığı hər bir əməliyyat barədə ictimaiyyətə məlumat verməlidir. Amma 2 il əvvəl “Şəfa” stadionunun hansı məbləğə satılması ilə bağlı heç bir açıqlama verilməyib. Səbəb nədir?
– 2012-ci ildə İcraiyyə Komitəsinin iclasında “İnter” Peşəkar İdman Klubunun AFFA-ya ünvanladığı müraciətə baxıldı və “Şəfa” stadionunun satılması barədə qərar qəbul olundu. Həmin vaxtdan satılma prosesi başlayıb və hələ tam başa çatmayıb. Daha dəqiq, stadion AFFA-nın balansından klubun balansına tam keçməyib. Bu proses hələ davam edir. Klub məbləğin 50 faizini ödəyib və tam ödənişdən sonra “Şəfa” onların balansına keçəcək. Bir məqamı da qeyd edim – “Şəfa” stadionunu satarkən məbləğdə “İnter” klubuna müəyyən güzəştlər etmişik. Bunun da səbəbi odur ki, klub neçə il idi ki, bütün kompleks üçün aylıq 20 min manat icarə haqqı ödəyir. Digər tərəfdən klubun “Şəfa”nı futbol məqsədləri üçün istifadə etməsini də diqqətdən qaçırmamışıq. 
– Məbləği açıqlamadınız…
– Ödənişlər tam bitməyib. Amma buna baxmayaraq, məbləği deyə bilərəm və burada gizlədiləcək bir şey yoxdur. “Şəfa”nın satış məbləği ƏDV xaric 4 milyon 250 min manatdır. “Şəfa”nın satılması prosesi tam başa çatmadığından əldə olunan məbləğ son maliyyə hesabatında göstərilməyib və xüsusi bəndlə işarə olunub. Məbləğ tam ödənildikdən sonra AFFA-nın növbəti hesabatında gəlir kimi öz əksini tapacaq. AFFA ictimai birlikdir. Vəsaitin xərclənməsi bizim işimizdir. Amma bu vəsaitin hara xərclənməsini, o cümlədən əldə olunan gəliri hamı bilməlidir. Bu mənada fəaliyyətimizlə bağlı bütün xəbərləri ictimaiyyətə çatdırmağa borcluyuq.
– Yəqin ki, sizə də bu haqda xəbərlər çatır – AFFA-nın inşa etdiyi bir çox stadionlardan istifadə pulsuz olduğu halda ödənişli fəaliyyət göstərirlər. Buna qarşı hansı tədbirləri görürsünüz?
– Yəqin ki, söhbət mini-futbol meyançalarından gedir. Müxtəlif icra orqanları bizə stadion inşa etmək barədə müraciət edir və AFFA öz hesabına stadionları tikir. İndiyə kimi 130-dan çox belə meydança inşa etmişik. Sonradan həmin stadionların əksəriyyəti bir il ərzində balansdan balansa keçirilib. Futbol meydançalarının bizim tərəfimizdən quraşdırılması barədə stadionda lövhə yerləşdiririk və lövhədə  əgər bu meydançalardan istifadəyə görə pul tələb olunarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlanılması qeyd olunur. Stadionların bizim balansımızda olduğu müddətdə istifadəsi pulsuzdur. Amma AFFA-nın balansından çıxdıqdan sonra biz deyil, yerli icra hakimiyyəti məsuliyyət daşıyır. Təəssüf ki, bayaq söhbət açdığımız lövhələr orada qaldığınan çoxları elə bilir ki, artıq balansımızdan çıxan stadionlar hələ də AFFA-nın tabeçiliyindədir və istifadəsi pulsuz olduğu halda ödənişli fəaliyyət göstərirlər. Sual oluna bilər – nəyə görə AFFA stadion işna edəndə işıqlandırma sistemi quraşdırmır? 2008-ci ildə strategiyanı müəyyən edəndə işıq sisteminin quraşdırılmaması barədə qərara gəldik. Çünki, uşaqlar adətən axşam saat 7-8-ə kimi meydançadan istifadə edirlər. Ondan sonra isə hər bir uşaq evində, ailəsinin içində olmalıdır. Onun bu vaxt stadionda nə işi var? Balansımızdan çıxan stadionlarda isə icarədarlar işıq sistemi quraşdırırlar və müəyyən digər xərclər çəkirlər. Onlar həmin pulu çıxarmalıdırlar, ya yox? Bu üzdən həmin futbol meydançalarının ödənişli fəaliyyət göstərməsi təbiidir. 1-2 il əvvəl bizə məktəblərdəki stadionlarla bağlı xeyli müraciətlər olunurdu ki, məktəb direktorları axşam saatlarında oranı ödənişlə böyüklərin ixtiyarına verir. 130-dan çox stadiona mühafizəçi təyin etməyə və daim nəzarətdə saxlamağa imkanımız yoxdur. Əgər məktəb direktoru və ya hansısa müəllim meydançalara işıq sistemi quraşdırıb və oradan qazanc məqsədilə istifadə edirsə, burada məsuliyyəti biz daşımırıq. Amma bir yandan bu, bizim üçün də yaxşıdır. Çünki, gəlir götürmək istəyən şəxslər meydançanın daim normal vəziyyətdə olmasında maraqlıdırlar. Yəni, bizim quraşdırdığımız meydançalar baxımsız qalmır. Əgər bilsək ki, stadionlar uşaqlara pulla verilir, onda AFFA işə qarışacaq.
– Stadionlarla bağlı daha bir sual –Gəncə stadionunun yenidən qurulması ilə bağlı heç bir iş aparılmır. Amma AFFA bununla bağlı vəsait ayırıb. Bundan başqa Tovuz stadionunda süni örtüklü meydançanın quraşdırılması nə dərəcədə doğru addım idi?
– 2 il bundan əvvəl klub rəhbərləri ilə belə bir razılığa gəldik ki, UEFA-nın klublarımızda uşaq futbolunun inkişafı üçün ayırdığı pulu Tovuz və Gəncədə yeni süni örtüklü meydançaların quraşdırılmasına sərf edək. Bunun üçün həmin məbləğin üzərinə AFFA-da əlavə pul qoydu. Əvvəldən nəzərdə tutulduğu kimi Tovuzda bu işlərə start verildi və artıq başa çatıb. Nəyə görə süni? Bizim təklifimiz təbii ot örtüyü idi. Amma klubların qazona baxmayacaqları və yenidən xarab olacağını nəzərə alaraq bu qərarı verdik. Hələləik süni ot götürüyü quraşdırdıq – 4-5 il müddətinə. Sonradan yer ayrılarsa, həmin ot örtüyünü başqa yerə quraşdırmağa imkanımız və avadanlıqlarımız var. Bu il isə Gəncə stadionunda işlərə başlamağı planlaşdırırıq. Yerli İcra Hakimiyyəti ilə danışıqlar gedir, yer ayrılacaq. Amma oradakı stadionun təbii və ya süni örtüklü olması ilə bağlı qərar qəbul etməmişik. 
– 2009-cu ildə Berlində təsis olunan uşaq futbol məktəbindən xeyli vaxtdır səs-soraq gəlmir. 
– Hesabatda həmin məktəbə maliyyə vəsaiti ayrılması barədə göstərilib. Bu barədə AFFA-nın 1-ci vitse-prezidenti, həmin layihənin təşəbbüskarı Rauf Əliyevlə danışa bilərsiniz. Öz adımdan isə onu deyə bilərəm ki, layihənin məqsədi Berlində yaşayan azərbaycanlıların daim təmas qurması və idmanla məşğul olmasıdır. 2008-ci ildə Berlində Mədəniyyət və İdman Evi açılıb. Bildiyiniz kimi, orada xeyli sayda azərbaycanlı yaşayır. Onlar üçün bu layihənin əhəmiyəti böyükdür. Artıq ötən ildən etibarən Berlinin uşaqlardan ibarət liqasında komandamız çıxış etməyə başlayıb. Qısaca onu deyə bilərəm ki, irəliləyişlər var. Amma bu barədə Rauf müəllim daha ətraflı məlumat verə bilər.
– Bəs, “Ayaks”, “Sportinq” və “Barselona” ilə bağlı nə deyə bilərsiniz? Axı, bu klublarla əməkdaşlıq barədə razılıq əldə olunmuşdu.
– Biz Avropa çempionatının Bakıda təşkil olunmasını istəyirik və buna hazır olduğumuzu deyirik. Gəlin baxaq, indiyə kimi dünyanın hansı tanınmış futbol klubu Bakıda təlim-məşq toplanışı keçirib? Heç biri. Ötən il “Mançester Yunayted”in yay məktəbinin açılışı oldu. Biri qız olmaqla altı nəfər uşağı Mançesterə göndərdik. Bundan 3 ay sonra Mançesterdə böyük bir konfrans keçirildi və həmin konfransda hesabat verən “Mançester Yunayted” klubunun rəhbərliyi Azərbaycandakı vəziyyətdən ağızdolusu danışdı. “Mançester Yunayted” bir brenddir, konfrans zamanı 2 mindən çox insanın Bakı haqda xoş sözlər eşitməsi yaxşı haldır və futbolla bağlı bir şəhər olmasına işarədir. O ki qaldı “Ayaks” və digər klublarla əməkdaşlıq barədə məsələyə… “Ayaks” klubunun nümayəndəsi ilə söhbət zamanı onları təlim-məşq toplanışı keçirmək üçün Bakıya dəvət etdim və burada hər bir şəraitin olması barədə məlumat verdim. Fikrimi müsbət qarşıladı və hətta Bakıda “Ayaks”ın futbol akademiyasının yaradılması ilə bağlı müzakirələr də apardıq. Məlumdur ki, “Ayaks”ın Afrika və Asiya ölkələrində akademiyaları, bu qitələrin bəzi ölkələrində komandaları var. Sonradan “Ayaks”ın futbol akademiyasında oldum və söhbət zamanı Bakıda belə bir akademiyanın açılması üçün bizdən ildə 500 min avro pul tələb etdilər. Bu qiymətə cəmi iki məşqçinin məvacibi daxil idi. Onlardan biri daim, digəri isə ayda 3 günlük məşq keçmək üçün Bakıda olacaqdı. Təbii ki, məbləğ bizi razı salmadı və bu üzdən əməkdaşlıq baş tutmadı.  
“Sportinq” isə qarşımıza başqa şərt qoydu. Onlar dedilər ki, gəlirik, məktəb açırıq, klublardan ən yaxşı uşaqları seçirik… Amma futbolçular bizim olacaq. Öz klublarımıza qarşı ola bilmərik. Zəhmət çəkib futbolçu yetişdirirlər, xeyrini də “Sportinq” görəcək? Bu üzdən onlarla da yollarımız haçalandı. Bayaq “Mançester Yunayted” haqqında səbəbsiz danışmadım. Onlar burada yay məktəbi açdılar, futbolçularımızı ölkələrinə apardılar. Yəni, məqsədləri başqadır.
Ölkəmizdə tanınmış klubların futbol məktəblərinin açılması həm futbolun inkişafı, həm də Azərbaycanın tanınması baxımından gərəklidir. Kiçik bir misal çəkim – 2009-cu ildə Araz Abdullayevi, Qara Qarayevi, Tərlan Quliyevi “Hoffenhaym”da təlim-məşq toplanışına göndərmişdik. Bu da Azərbaycanın, futbolumuzun tanınması demək idi. Qarşımıza məqsəd kimi 2020-ci ilə kimi Azərbaycana tanınmış klubların təlim-məşq toplanışı keçməsini təşkil etməkdir. Artıq “Atletiko” yayda Bakıda 1 həftəlik təlim-məşq toplanışı keçirməyi planlaşdırır. Deməli, şərait var. 4 il əvvəl bunu deyə bilməzdik. Çünki o vaxt cəmi 2 normal stadiona sahib idik. Qızların dünya çempionatından sonra isə hər şeyimiz var. Hazırda İtaliyanın bir neçə tanınmış klubları ilə danışıqlar aparırıq ki, toplanışları Bakıda keçirsinlər. Bu, 2020-ci ildəki Avropa çempionatının keçirilməsi üçün bizə lazımdır. Azından çoxlarında ölkəmiz haqqında müsbət fikirlər formalaşacaq.
– Yəqin ki, bir neçə türk klubunun, konkret olaraq “Fənərbaxça”, “Qalatasaray” və “Antalyaspor” adından Bakıda futbol məktəblərinin açılmasından xəbəriniz var. Əslində, bəzi insanlar həmin məktəblərdə futbolçu yetişdirmək adı ilə qazanc götürürlər. Bu məktəblər təsis olunarkən, AFFA-ya müraciət olunubmu?
– Əvvəlcə İcraiyyə Komitəsinin martın 7-də keçirilən son iclasında qəbul olunan bir qərarı xatırlamaq istəyirəm. Həmin qərara əsasən respublikada keçirilən bütün yarışlar, turnirlər AFFA ilə razılaşdırılmalıdır. Çoxları bu qərarın əhəmiyyətinin fərqində deyildilər və nəyə görə qəbul olunmasından xəbərsizdilər. Son illər Azərbaycanda özəl futbol məktəbləri açılır, valideynlər tərəfindən pullar ödənilir, keyfiyyətli məşqlər aparılmır və məqsəd ancaq qazanc götürməkdir. Gözləyin, növbəti iclasda daha bir qərar qəbul olunmalıdı – respublikada fəaliyyət göstərən hər bir məktəb AFFA-dan lisenziya almalı olacaq. Tərəfimizdən aparılan araşdırmalar nəticəsində məlum olub ki, belə məktəblərin sayı çoxdur. Dünyada tanınmış “Fənərbaxça”nın, “Qalatasaray”ın adını eşidən valideynlər aldanaraq övladlarını həmin məktəblərə yazdırırlar. Bir uşağa görə ayda 100 manat çox böyük məbləğdir. Maraq üçün deyim ki, “Yuventus”un futbol akademiyasında təhsil almaq 200 avrodur. “Bavariya” kimi klubun akademiyasında isə 69 avro. Üstəlik, pulsuz forma da verirlər. Amma sözügedən məktəblərdə forma pulludur. Bu gün “Fənərbaxça” və ya “Qalatasaray” klubuna müraciət etsək, onlar burada futbol məktəblərinin olmasını təsdiq etməyəcək. “Fənərbaxça”nın fan-klubunun Bakıda akamdemiyası fəaliyyət göstərir, klubun yox. Sənədlərdə də belə göstərilib. Yəni, azarkeşlərin akademiyası. Klubla fan-klub arasında yerlə-göy qədər fərq var. Düzü, “Antalyaspor”un rəsmi icazəsinin olub-olmamasını deyə bilmərəm. Amma digər iki kluba müraciət göndərmişik və müsbət cavab almamışıq. Bir məqamı da qeyd edim – belə klublar hansısa ölkədə akademiya açmaq istəyəndə ilk növbədə yerli federasiyaya müraciət edirlər. Özü də yerli klublarla birgə. Heç vaxt tək açmaq istəmirlər. Bayaq “Ayaks”ı misal çəkdim. CAR-da akademiya açanda 2-ci dəstə komandası ilə əməkdaşlıq müqaviləsi imzalamışdı. Bəziləri soruşa bilər ki, klubların nəzdində də pullu futbol məktəbləri fəaliyyət göstərir. Bu, normal haldır. 
Uşaq futbolunun inkişafı ilə bağlı bir məqama da toxunmaq istəyirəm. Bir neçə il əvvəl klublarımız bu sahədə axsayırdılar. Amma indi əməlli-başlı irəliləyiş var. Klublarımızın hamısında uşaq futbol məktəbi fəaliyyət göstərir, hər birinin bazası var, normal məşqlər keçirilir. Bütün bunlar AFFA-nın nəzarəti altındadır. 
– 2016-cı ildə Bakıda keçiriləcək 17 yaşlı futbolçuların dünya çempionatına hazırlıq nə vaxt başlayır? Qızların birinciliyinin keçirilməsində yaranan bəzi çatışmazlıqların bu dəfə də  ortaya çıxması mümkündürmü?
– Qızların çempionatında ən ciddi problem internetlə bağlı oldu. Bu yaxınlarda Mançesterdə olarkən “Mançester Siti”nin stadionunda da wi-fi probleminin olduğunu gördüm. Bunun da səbəbi var. Eyni anda minlərlə insanın internetdən istifadə etməsi sonda problemin yaranmasına gətirib çıxarır. Həmin stadionda bilet üzərində internetin pulsuz olduğu qeyd edilmişdi. Mətbuat üçün isə kod ayrı idi. Buna baxmayaraq, internet yox idi. Maraqlananda problemi həll edə bilmədiklərini söylədilər. Bununla dünyanın istənilən ölkəsində, istənilən məşhur stadionunda bu çatışmazlığın ola biləcəyini demək istəyirəm. Hazırda Bakcell ilə əməşdaşlıq edirik. Düşünürəm ki, 2016-cı ildə onların köməyi ilə bu promlemlə rastlaşmayacağıq.
Hazırlıq prosesinə isə oktyabr ayından etibarən start veriləcək. UEFA ilə birgə bu haqda müzakirələr aparılıb. Sentyabr-oktyabr aylarında UEFA-nın nümayəndələrindən ibarət xüsusi qrup yoxlamalar aparmaq və vəziyyətlə tanış olmaq üçün Bakıya gələcək. Ondan sonra Təşkilat Komitəsi yaradılacaq və hazırlıq başlayacaq.
Bu çempionata millimizin hazırlıqlarına gəlincə, komanda Təbriz Həsənova tapşırılıb. 2016-cı ilə kimi hələ xeyli var və yəqin ki, o vaxta kimi hazırlıqlı komanda yarada biləcəyik. 
–  AFFA ABŞ-la oyunun yayımı üçün tender elan edib və tenderdə qalib gələn telekanalın əməkdaşını federasiya hesabına bu ölkəyə aparmağı öhdəsinə götürüb. Məndə olan məlumata görə bir jurnalistin ABŞ aparılması AFFA-ya 7 min manata başa gələcək. Belə çıxır ki, federasiya yayımdan cəmi 8 min gəlir götürəcək.
– Bizim hesablamalarımıza görə bir jurnalistin ora getməsi 7 deyil, 5 min manata başa gələcək. Belədə gəlirimiz 10 min manat olacaq. 
– Olsun. 10 min manat elə də böyük məbləğ deyil. Əgər telekanallar oyunu göstərməkdə maraqlı olmasalar, onda belə çıxır ki, millinin oyununu yenə də AFFA.TV vasitəsilə izləməli olacağıq. Yayımı hansısa kanala pulsuz vermək olmazdımı?
– Biz qeyri-kommersiya təbliğat videoçarxlarını mətbuata, əsasən də televiziyalara təqdim edəndə onlar pul tələb edirlər. Qızların dünya çempionatına həsr olunmuş videoroliklərə görə televiziyalara pul ödəmişik. Bu çempionat müstəqillik qazanandan sonra ölkəmizin tarixində ən böyük idman tədbiri idi. 16 komandanın iştirak etdiyi birincilik 21 gün davam etdi, hər oyuna xeyli sayda azarkeş gəldi, FİFA-nın 250 nümayəndəsi bir ay burada oldu. Ölkəmizin təbliğatı baxımından əla fürsət idi. Amma telekanallar çempionatın təbliğatına görə bizdən pul istədilər. ABŞ-la oyuna gəlincə, bu, bizim məhsulumuzdu. Bu məhsula görə istədiyimiz məbləğ o qədər də çox deyil. Əgər biz sponsorlarımıza müraciət etsək, düşünürəm ki, onlar imtina etməyəcəklər. Nəyə görə yayım hüqununu kiməsə pulsuz verməliyik? Nəyə görə ziyana düşməliyik? Gələn il hesabat verəndə camaatın qarşısına üzüağ çıxmaq istəyirik. Məqsədimiz dövlətin hesabına yox, kommersiya fəaliyyəti nəticəsində gəlir əldə etməkdir. AFFA ictimai birlikdir, təsisçiləri yoxdur, kommersiya şirkəti deyil. Diqqət yetirsək görərik ki, sonda yayımdan əldə olunan bu pul kiminsə cibinə deyil, futbolumuza sərf olunacaq.
– Özü də həmin oyun Bakı vaxtı ilə səhər saat 7-də başlayacaq…
– Mayın 28-də bayram günü olacaq və ölkədə iş günü deyil. Əgər kimsə həqiqətən millinin oyununa baxmaq istəyirsə, onda əziyyətə qatlaşmalıdır. Çempionlar Liqasının oyunları gecə 2-də başa çatır. Həmin oyunlara baxmaq məcbur deyil, insanın öz içindən gələn istəkdir. 3-4-cü günlər AFFA-da əksəriyyət işə yüxülü gəlir (gülür). Çünki gecə futbola baxırlar. Qarşıdan dünya çempionatı gəlir. Oyunların başlama vaxtından yəqin ki xəbəriniz var. Əsl azarkeş yuxusuna haram qatıb həmin birinciliyi gecəyarısı da olsa izləyəcək.
– Ötən həftə Mikayıl Nərimanoğlu qəzetimizə verdiyi açıqlamada U-17-nin futbolçularına ezamiyyə xərclərinin verilməməsi ilə bağlı fikirlərini bildirmişdi. AFFA-nın baş katibi kimi həmin futbolçuların pullarının ödənilməməsinə  necə baxırsınız? Sizcə, uşaqların pulunu kəsmək bir qədər ağır cəza deyilmi?
– Bizdə də bu haqda xəbərlər var. Valideyn “sutoçnı”nın verilməməsini deyə bilər, amma gəlib məşqçi ilə maraqlanıbmı ki, nəyə görə verilmir? Uşağı məşqə, səhər yeməyinə gecikib. Özünü yaxşı aparmayıb. Bu gün əsas millidə yeməyə və məşqə 2 dəqiqədən artıq gecikən futbolçu cərimə ödəyir. Həmin cərimələr milli komandanın fonduna yığılır və sonradan uşaq və qocalar evlərinə kömək məqsədilə xərclənir. Valideynlər səbəbi bilmək istəyirlərsə, qapılarımız açıqdı, gəlib maraqlansınlar. FİFA-nın qaydalarına görə 18 yaşı tamam olmuş futbolçu peşəkar müqavilə bağlaya bilər. U-17-nin futbolçuları artıq peşəkar olmağın bir addımlığındadılar. U-19-un futbolçuları isə artıq peşəkar karyeralarına başlayıblar. Gənc vaxtlarında bu futbolçular qaydaları pozurlarsa, bir qədər yaşlaşdıqda onların qarşısını almaq mümkün olmayacaq. Futbolçuların nizam-intizamına görə biz məsuliyyət daşıyırıq. İstəmirik ki, illər sonra peşmançılıq çəkək. 
Bu yaxınlarda U-17-nin məşqçisi mənə müraciət edərək futbolçuların 90 faizinə “sutoçnı”ları verilməsinə qarşı olduğunu bildirdi. Səbəbini isə nizam-intizamın aşağı olması ilə izah etdi. Təsəvvür edin ki, bu cəzanı tətbiq edəndən sonra növbəti toplanışda vəziyyət istdiyimiz kimi oldu. Məşqçi mənə futbolçuların tamamilə “düzəldiyini” bildirdi. 
– Millimizin 2016-cı ildə təşkil olunacaq Avropa çempionatına vəsiqə qazanması şanslarını dəyərləndirərdiniz.
– Məqsədimiz qrupda 3-cü yeri tutmaqdır. 2008-ci ildə komandamız qrup mərhələsində axırıncı yeri tutmuşdu. Növbəti seçmə mərhələdə 5-ci, son qrup etapında isə 4-cü olduq. Deməli, inkişaf var. Belə çıxır ki, bu mərhələdə daha bir pilə irəliləyərək, 3-cü olacağıq (gülür). Hər şey bir yana, gəlin qrupumuzdakı komandalara nəzər salaq. Ötən tsikldəki rəqibimiz İsrail indiki rəqibimiz Bolqarıstan və Norveçlə demək olar ki, eyni gücdədir. Əgər İsraildən xal alırıqsa, niyə də bunlardan da xal almayaq? Şimali İrlandiya ilə oyunda 4 xal qazandıq. Səfərdəki oyuna hakim 6 dəqiqə əlavə etməsəydi, qalib gələcəkdik…
– Amma həmin oyunda millimiz anti-futbolla yadda qaldı. Şəxsən mən həmin oyunda göstərdiyimiz qorxaq futbola görə utandım.
– Həmin oyunda komandanın heyətinə nəzər salsaq, xeyli itkilərimizin olduğunu görərdik. Kamran Ağayev, Rəşad Sadıqov, Mahir Şükürov… heç biri yox idi. Meydana 2-ci heyətlə çıxmışdıq. Oyundan əvvəl məğlub olmayacağımızı söyləmişdim. Elə də oldu. Bakıdakı oyunda isə millimiz meydana tam heyətlə çıxmışdı və 2:0 qalib gəldik. Bakıdakı heyət orada olsaydı, biz qalib gələcəkdik.
– Xahiş edirəm, bu sualıma AFFA rəsmisi kimi yox, sıravi azarkeş kimi cavab verəsiniz – Avroliqaya hansı klublarımızın vəsiqə qazanmasını istəyərdiniz?
– Elə sual verdiniz ki, cavablandırmamaq mümkün deyil. Heç kim inciməsin – “Qarabağ”.
– Elxan müəllim Çempionlar Liqası demədim, söhbət Avroliqadan gedir.
– Əvvəl “Qarabağ”ın adını çəkməyimə aydınlıq gətirim. Hazırda bu komanda həqiqətən də digərlərindən güclüdür. Bizə lazımdır ki, ən güclülər Avroliqaya vəsiqə qazansın. Bu, həm də ölkəmizin təbliğatı baxımından əhəmiyyətlidir. “Neftçi”nin qrup mərhələsindəki çıxışını yada salaq. Dekabr ayına kimi azarkeşlər Avropa futbolu ilə yaşadılar. Amma buna kimi qitəmiqyaslı yarışlarla yay aylarında vidalaşırdıq. Ad çəkmək istəmirəm, kim güclüdürsə, o da Avroliqaya vəsiqə qazanmalıdır.
– Mətbuatda sizi ANS telekanalında verdiyiniz açıqlama ilə bağlı ittiham edirlər. Məhz həmin açıqlamada azarkeşləri 3-cü tərəf kimi göstərmişdiniz və iddia olunur ki, bundan sonra güc strukturları həbs olunan azarkeşlərə qarşı daha sərt mövqe tutdu…
– Birincisi, çıxış “Xəzər Lənkəran” – “Neftçi” oyunundan bir gün sonra efirə getmişdi. Həmin vaxta kimi azarkeşlər artıq həbs olunmuşdular. İkincisi isə, dünyanın hər bir yerində oyunun gedişinə nəzarət polis tərəfindən aparılır. Əgər azarkeş qayda-qanunu pozarsa, qərarı polis verir. AFFA və PFL oyunların təşkilinə cavabdehdir. Təhlükəsizliyə isə yerli mühafizə və polis nəzarət etməlidir. Həmin oyunda biz polisə deməmişik ki, azarkeşlərin qayda-qanunu pozmasına görə onları həbs etsin. Bir daha təkrar edirəm, bu polisin işidir. Bu komandaların son oyununda da azarkeşlərlə bağlı problem yaşandı. İkinci hissədə tribunalarda 200-ə yaxın azarkeşi görmədik. Səbəbini soruşanda dedilər ki, polis belə qərar qəbul edib. İndi bizim polisin işinə qarışmağımız nə dərəcədə düzgündür? Azarkeşlərin sayı az olsa da, istəməzdim ki, onlar bu cür olaylarla üzləşsinlər. Serbiya futboluna fikir verin, hər 3 aydan bir azarkeşlərə cəza verilir. İstəməzdim ki, bizim də azarkeşlər serblər kimi olsun. 
– Son günlər mətbuatda AFFA nümayəndəsi kimi çempionat oyunlarına təyinat almamanızı sizə irad tuturlar. 
– Fikrimcə, azarkeş stadiona rəhbərliyə yox, futbola baxmağa gəlir. Mənim və ya Rövnəq Abdullayevin stadionda olub-olmaması azarkeşi maraqlandırmır. Nəinki bizim, heç klubların prezidentinin də. O ki qaldı AFFA nümayəndəsi kimi oyunlara təyinat almamağıma, bizim xeyli nümayəndəmiz var. Hamısı da təcrubəli insanlardır, təyinatlardan gəlir əldə edirlər. Doğrudur, hərdən səhvləri olur, amma bu səhvlərə dünyanın hər yerində rast gəlinir. İstəməzdim ki, onların yerini tutum. Ümumiyyətlə, çempionat oyunlarını stadiondan tez-tez izləməyə çalışıram. Rəsmi şəxs kimi yox, azarkeş kimi. Hərdən dostlarımı da dəvət edirəm, övladlarımı özümlə aparıram. Birlikdə futboldan həzz almağa çalışırıq. 
– Övladlarınız futbolla məşğul olur?
– Böyük oğlumun 13 yaşı var, futbolla məşğul olmur. Kiçiyi isə 6 yaşındadı. Hələlik, Bakcell-in “Məhəllələrdə futbol” layihəsində iştirak edir. 
– Oğlunuz böyüyəndə hansı klubun uşaq futbol məktəbinə yazdırmağı planlaşdırırsınız?
– Hələ tezdir. Ona baxarıq.
– Aprelin 3-də Rövnəq müəllimin 49 yaşı tamam oldu. Maraqlıdır, Elxan müəllim AFFA prezidentini necə təbrik etdi?
– Görüşdüm, AFFA-nın əməkdaşları adından xoş arzularımı çatdırdım. 
– Hədiyyə vermədiniz?
– Yox. 

Sonda Elxan müəllim mətbuata müraciət etdi: “Sevindirici haldır ki, ölkəmizdə futbolla yanaşı mətbuatımızda da kütləvilik artır. Bu, bizim üçün vacibdir. Amma təəssüf ki, bəzən mətbuatda yalan informasiyalar, yersiz tənqidlər yer alır. Biz Azərbaycan futbolunun problemlərindən xəbərdarıq. Onların hamısını həll edə bilsəydik, indi Dünya çempionatının final mərhələsinə vəsiqə qazanardıq. Buna yavaş-yavaş nail olmaq lazımdır. Azərbaycan tam futbol ölkəsi deyil, amma buna yaxınlaşır. Bu işdə mətbuatın da dəstəyinə ehtiyacımız var”.

Söhbətləşdi:
İlqar TAĞIYEV
“Het-trik news” 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43