09 Yanvar 2025
Ölkə futbolu

Emil Səfərov: “Qarabağ”la oynayırsansa, hər şeyə diqqət etməlisən”

“Neftçi”nin futbolçusu Emil Səfərov İdmanxeber.az saytına müsahibə verib. 

– “Qarabağ” oyununda xal qazanmaq üçün nə çatmadı?

Oyuna çox yaxşı hazırlaşmışdıq. Meydana istəkli çıxmışdıq. Qarşılaşmaya yaxşı da başladıq. İlk hissədə qol epizodlarımız oldu. Dəyərləndirə bilsəydik, nəticə fərqli ola bilərdi. “Qarabağ”la oynayırsansa, hər şeyə diqqət etməlisən. Fərdi səhvdən qol buraxmaq çox üzücüdü. Amma belə şeylər olur, edəcək bir şey yoxdu. İkinci hissə isə rəqib daha yaxşı idi. “Qarabağ”ın gücünü etiraf etməliyik. Amma Samir müəllimin gəlişindən sonra çox şey dəyişib. Vaxt keçdikcə daha da yaxşı olacağıq.

– “Qarabağ”da əsas heyətin bir neçə üzvü yox idi meydanda. Onlar olsa, hesab daha böyük ola bilərdi?

“Qarabağ”da hər kəs güclüdü. Əsas heyət, ikinci heyət yoxdu. Bütün komandanın yüksək səviyyəsi var. 

– Artıq çempionluq əldən çıxıb. Qarşıda ölkə kuboku və avrokubok hədəfi var. Səncə, buna nail ola biləcəksiniz?

Kuboku qazanmaq istəyirik. Başqa heç nə düşünmürük. Bunun üçün yetərincə gücümüz var. Azarkeşlərimizi heç olmasa belə sevindirmək istəyirik. Onlar hər oyun stadionlara gəlir, bizə dəstək olur. Azarkeşləri məyus görəndə çox pis oluram. Adam deməyə də söz tapmır. Bütün matçları onlar üçün oynanıyırıq. Avrokubok hədəfimiz də var. Hələ heç nə birməyib. Sona qədər mübarizə aparacağıq. “Neftçi” daha yuxarı pillələrdə olmalıdı. Hamımız bunun fərqindəyik.

– “Zirə” oyununda sənin qolunla komanda qələbə qazandı. “Qarabağ” görüşündə sanki belə bir fürsət düşmədi…

Əslində çempionatdakı ilk qolum deyil. “Qəbələ”də də uzaq məsafədən qollarım var idi. Dünənki görüşdə bəli, çox imkanım olmadı. Oynun gedişindən asılıdı. Yenə imkan düşdükcə qapını yoxlayacam. Qarşıdakı oyunlarda da qol vurmağa çalışacam. Amma əsas məsələ qalib gəlməkdi. Qolları kim vurur vursun qələbə gələndə hamımız sevinirik. 

– Millinin son oyunlarında Fernandu Santuş səni yığmaya dəvət etmədi. Belə bir qərar gözləyirdin?

Bəli. Çünki oynamırdım. Həm zədəli oldum, həm də xəstə idim. Bu səbəbdən də qərar mənim üçün sürpriz olmadı. Amma problem deyil, özümə inanıram. Yenidən o formanı geyinəcəm. Formamı yavaş-yavaş bərpa edirəm. Əminəm ki, Santuş məni yenidən çağıracaq. 

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43