“Neftçi”nin kapitanı Emin Mahmudov klubun rəsmi saytının suallarını cavablandırıb.
– Bu mövsüm komandanın avrokuboklardakı çıxışını necə dəyərləndirirsiniz?
– Daha yaxşı oynaya bilərdik. Finlandiyanın HİK klubunu keçmək olardı, amma çox təəssüf ki, buna nail olmadıq və azarkeşlərimizi sevindirə bilmədik.
– Uğurlu mübarizə aparmaq üçün nə çatmır?
– Çatışmazlıqlar çoxdur. Əvvəla daha yaxşı mübarizə aparmalıydıq. Bundan əlavə, təbii ki, heyətimiz geniş olsaydı, bizim üçün daha asan olardı.
– Necə düşünürsünüz, İsrailin “Makkabi” (Hayfa) klubunu keçib, Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəksinizmi?
– “Makkabi” çox güclü komandadır. Hayfa klubu xüsusilə evdə yaxşı oynayır. Buna baxmayaraq, qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki artıq başqa yolumuz yoxdur.
– 2019/2020 mövsümündə İsrailin başqa bir klubu – “Bney Yehuda”nın qapısına yol tapmışdınız. Eyni aqibəti “Makkabi”yə yaşada biləcəksiniz?
– Çox heyf ki, həmin qol bizə kömək etmədi. Son dəqiqələrdə penalti ilə hesab arasındakı fərqi azaltsam da, bərabərlik qolunu vurmağımıza vaxt qalmadı. Əlbəttə, “Makkabi”yə də qol vurmağa çalışacağam.
– Ümumilikdə 15 oyundan 7 qolla avrokuboklarda klubun bombardirisiniz. 2019/2020 mövsümündə 6 oyunda 3 qol vurmusunuz. Bu mövsümdə də artıq eyni göstəricini təkrarlamısınız. Qarşıda azı 2 oyun keçirəcəyinizi nəzərə alsaq, rekordunuzu yeniləyə bilərsiniz?
– Çox sevindirici haldır ki, avrokuboklarda komandamızın bombardiriyəm. Hər yeni mövsümdə daha yaxşı çıxış etməyə çalışıram. Amma əsas olan mənim qol vurmağım deyil, komandamızın uğur qazanmasıdır.