Azərbaycan millisinin futbolçusu Emin Nuri Özbəkistanla yoldaşlıq görüşündən sonra medianın suallarına cavab verib.
İdmanxeber.com Eminin müsahibəsini təqdim edir:
– Özbəkistanla oyunda komandanın göstərdiyi oyun barədə fikirlərin necədi?
– Yoxlama görüşü olmasına baxmayaraq, gərgin oldu. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Hava istəyimizə mane olurdu. Havanın isti olması müəyyən çətinliklər yaratdı. Azərbaycan millisi rəqibdən yaxşı oynadı. Bəzi hücumlarda dəqiqlik çatmadı. Əks halda biz qələbə qazana bilərdik. Qol vurmaq üçün az da olsa, şanslarımız var idi.
– Özbəkistan Asiyada çıxış edir. Bu mənada hamı Azərbaycandan qələbə gözləyirdi…
– Rəqib zəif deyildi. Sürətli oyunçuları var idi. Özbək futbolçular topla kifayət qədər yaxşı davranırdılar. Unutmaq olmaz ki, Azərbaycan millisində əksər futbolçular debütant idi. Bəziləri ilk dəfə millinin formasını geyir. Yəni, əsas məqsəd gəncləri yoxlamaq idi.
– Əvəzlənməyinə səbəb nə oldu?
– Oyun zamanı zədə aldım. Bunu nəzərə alan baş məşqçi məni dəyişməyi qərara aldı. Meydanda olduğum dəqiqələrdə özümü göstərməyə çalışdım. Necə alındığını məşqçilər söyləyə bilər.
– İlk dəfə Azərbaycan millisinin formasını geyindin. Hansı hissləri yaşadın?
– Millidə oynamaq qürurvericidi. Biz Azərbaycanı təmsil edirik. Özümü rahat hiss edirdim. Çalışırdım oyunum yaxşı alınsın. Gələcəkdə də Azərbaycan millisinin formasını geymək istərdim. Ümid edirəm ki, baş məşqçi mənə güvənməkdə davam edəcək.
– Səncə, bu oyunla AÇ-2016-nın seçmə mərhələsində hansı nəticəni gözləmək olar?
– Hazırlıq oyunları seçmə görüşlərdən fərqlidi. Üstəlik, Azərbaycan millisinin bəzi əsas oyunçuları Özbəkistanla görüşdə iştirak etmədi. Seçmə mərhələdə daha yaxşı oynamaq mümkündü.
– Oyununla Azərbaycan millisində nəsə dəyişə biləcəksən?
– Bunu zaman göstərəcək. Hamı çıxış etdiyi millini güclü görmək istəyir.