Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində futbol çempionatı keçiriləcək.
İdmanxeber.az xəbər verir ki, aralarında Abxaziya, cənubi Osetiya, Donetsk və Luqansk Xalq Respublikalarının olduğu ölkələrdən 12 futbol komandası rəsmi şəkildə tanınmayan qondarma “Dağlıq Qarabağ respublikası”nda qeyri-qanuni Avropa çempionatı keçirəcək.
BMT tərəfindən tanınmayan ölkələrin komandaları arasında baş tutacaq Avropa kubokunun püşkatmaları Müstəqil Futbol Federasiyaları Konfederasiyasının (ConIFA) internet saytı vasitəsilə elan edilib.
Püşkatmalara görə, komandalar üçlü çəkildə dörd qrupda mübarizə aparacaq. Çempionat iyun ayında start götürəcək. Dağlıq Qarabağın komandaları ilk qrupda yer alıb.
Qeyd edək ki, çempionatın son turniri İngiltərədə keçirilmişdi.
Xatırladaq ki, ConIFA 2013-cü ildə qurulub. Konfederasiya BMT tərəfindən tanınmayan ölkələrin və qismən də avtonom dövlətlərin, etnik toplumların futbol federasiyalarını birləşdirir. Mərkəzi İsveçrədə yerləşir.