29 Dekabr 2024
Kateqoriyasız Ölkə futbolu

“Sabah”da göstərilən etimaddan sui-istifadə

Deməyə utanmayan, eləməyə də utanmaz. “Sabah” rəhbərliyi hazırkı durumda bu məsəli tam şəkildə haqq edir. Klub uçurum astanasında ikən rəhbərlik mövcud durumdan çıxış yolları axtarmaqda maraqlı deyil və ya tapmaqda peşəkarlıq səviyyəsi buna bəs etmir. Hər halda hər mövsümün əvvəlində iddialı görkəm alan komanda bu və digər formada aşağı pillələrə yuvarlanmağın bir yolunu tapır.

Artıq Premyer Liqada ilk 3 tur geridə qalıb. Bu oyunlarda “Sabah” nəinki xal qazanmayıb, hətta qol belə vura bilməyib. Bundan öncəki mövsümdəki nəticələrini də nəzərə alsaq komandaya ayrılan pullar israfdan başqa bir şey deyil. Klub plansız işin, qeyri-peşəkar idarəçiliyin qurbanı olub. Bu nəticələr sonunda nə hesabat verən yox, nə də alan. Qısacası: alan razı, verən razı.

“Sabah”ın büdcəsi əsasən, “Bridge Group of Companies” və müəyyən qədər AFFA-nın ayırdığı vəsait hesabına formalaşır. Hələ ki, AFFA-nın ayırdığı vəsaitlə bağlı danışmaq istəmirəm. Keçək klubun əsas maliyyə qaynağı olan “Bridge Group of Companies”ə. Bu şirkətin illik dövriyyəsi 40 milyon manat təşkil edir. Şirkət ümumilikdə 1200-dən çox işçiyə sahibdi. Toplam işçi sayına verilən əməkhaqqılarla bağlı rəqəmlər səsləndirsək bu real görünməyə bilər. Lakin fakt faktlığında durur ki, həmin o 1200+ işçinin sayəsində şirkətin gəliri kifayət qədər yaxşıdı. Yəni ortada iş və nəticə var. Bəs sual yaranır, şirkətin “Sabah”a ayırdığı milyonlar və bu milyonlardan öz payını götürən rəhbərlik, futbolçular və s. bunun qarşılığında hansı uğura imza atıblar, nə kimi gəlirin sahibi olublar? Bəlkə “Sabah”ın  prezidenti Maqsud Adıgözəlov klubun təsisçisi, komandanın maliyyə gücü olan “Bridge Group of Companies”in rəhbəri Yaqub Hüseynovu şirin vədləri ilə aldadır? Azərbaycan futboluna yatırım edən istənilən şirkət bəlli məsələdir ki, bu sahəyə qazanc gözü ilə baxmır. Ancaq istənilən halda nəticə tələb olunur. O tələb olunan şey də nə dünən “Sabah”da olmadı, nə də bu gün yoxdu.

“Komanda bizim üçün həmişə ən önəmli resurs olub, var və olacaqdır. Biz hal-hazırda yüksək ixtisaslı peşəkarlardan ibarət komanda toplamışıq” – bu Yaqub Hüseynovun uğurlu “Bridge Group of Companies” şirkəti ilə bağlı səsləndirdiyi fikirlərdən bir parçadı. Təəssüf ki, bu peşəkarlıq təsisçisi olduğunuz “Sabah”da yoxdu.  Hər halda peşəkar idarəçilik fonunda nəticələr göz oxşamalı idi. Olmadı və yaxın zamanlarda da buna ümid yoxdu. Hansı ki, bir çox layihələrdə uğur əldə etmiş birisi üçün “Sabah” kimi bir uğursuzluq onun adına qeyd olunacaq mənfi məqamlardandı. Düşünməyə dəyər…

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43