19 Sentyabr 2024
Ölkə futbolu

“Əvvəllər mili barədə düşünmürdüm, çünki həmişə eyni adlar dəvət alırdı”

Premyer Liqanın XV turunda “Turan Tovuz” evdə “Sumqayıt”la qarşılaşdı. 4 qolun qeydə alındığı matçda qalib müəyyənləşmədi – 2:2.

Görüşün ardından Tovuz klubunun  futbolçusu Fərid Nəbiyev qarşılaşma barədə fikirlərini bildirib. İdmanxeber.az saytına müsahibə verən 24 yaşlı oyunçu komandanın ümumu çıxışını da dəyərləndirdi.

– “Sumqayıt” oyununu necə şərh edirsən?

Olduqca gərgin matç oldu. İki komandanın da qələbə qazanmaq üçün şansları vardı. İlk hissədə cuzi səhvlərdən qapımızda 2 qol gördük. Sonra toplarlanıb hesabı bərabərlişdik. Bundan sonra da qələbə qazanmaq üçün şanslarımız var idi. 2-3 yaxşı imkanımız oldu. Azarkeşləri sevindirmək istəyirik, çünki onlar buna layiqdir. Bizə hər zaman dəstək olurlar. Qarşıdakı oyunlara baxacağıq.

– Azarkeşlər ümumən komandanın Tovuzdakı çıxışından razı deyil. “Turan Tovuz” nədənsə evdə nəticə qazana bilmir…

Açığı, səbəbini bilmirəm. Əslində burada daha yaxşı oynamalıyıq. Çox böyük dəstək var bizə. Onlara qələbə bəxş etməliyik. Bəzən alınmır, futbolda olur belə hallar. Ümid edirəm gələcəkdə daha yaxşı nəticələr qazanacağıq. 

– İkinci hissədə ilk 10 dəqiqədə hesabı bərabərləşdirdiniz. Maraqlıdır, baş məşqçi paltardəyişmə otağında sizə nə dedi?

Biz ilk hissəni də pis keçirmədik. “Sumqayıt” iki dəfə gəldi, ikisi də qol oldu. Oyunun bütün üstünlüyü bizdə idi. Fasilədə baş məşçqi bizə sakit qalmağımızı, belə davam etməyimizi və qolların gələcəyini söylədi. Bu da alındı. Əslində qələbə istəyirdik, ancaq alınmadı.

– Mövqe olaraq davamlı eyni yerdə oynamırsan. Səni bəzən cinahda, bəzən də hücum arxasında görürük. Bu necə təsir sənə?

Baş məşqçi mənə sərbəstlik verib. Harda rahatdısa, orada oynamağımı istəyir. Bir mövqedə qalmağımı istəmir. Mənim üçün əla tələbdir. Sağ-sol, orta hər yerdə özümü yaxşı göstərməyə çalışıram. Onun etimadını doğrultmaq istəyirəm.

– Ötən mövsümlə müqayisədə performansında yüksəliş olsa da, yenə milliyə dəvət almadın…

Əvvəllər milli barədə düşünmürdüm, yaxşı oynasam da, yığmaya eyni adlar gedirdi. Arada 1-2 nəfər dəyişsə də, durum belə idi. Çalışacam yeni gələcək baş məşqçinin etimadını doğruldum. Yığmada oynamaq mənim də arzumdur. İnsan əziyyət çəkəndə bəhrəsini də görmək istəyir. Bütün futbolçular ölkələrinin millisində çıxış etməyi hədəfləyir. Həmçinin mən də. Özümü buna hazır hiss edirəm. Yeni baş məşçqinin gəlişi ilə yığmaya dəvət alacağımı düşünürəm.

– Belə çıxır ki, Canni De Byazi sənə haqsızlıq edirdi?

Bilmirəm. Ümumiyyətlə, gəlin bu barədə çox danışmayaq.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43