Kateqoriyasız

“Eyni anda 100 minə yaxın müraciət olub” – “Qarabağ”dan rəsmi açıqlama

Azarkeşlər Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Viktoriya” (Plzen, Çexiya) matçına bilet əldə etməkdə çətinliklə üzləşib.

İdmanxeber.az xəbər verir ki, problem onlayn satışla bağlıdır. Hazırda satışın həyata keçirildiyi “Iticket.az”da bilet almaq mümkün deyil. Saytda çıxan bildirişə əsasən bütün biletlər tükənib. Bəzi azarkeşlər isə hesablarından məbləğ çıxıldığı halda, bilet ala bilmədiklərini söyləyir.

Kütləvi narazılığı nəzərə alıb məsələyə aydınlıq gətirmək üçün klubla əlaqə saxladıq. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə saytımıza açıqlamasında “Iticket.az”da problem yaranmasının həddən artıq yüklənmə ilə əlaqəli olduğunu söylədi:

“Azarkeşlərin oyuna marağı böyükdü. Fürsətdən istifadə edib hər birinə təşəkkürümüzü bildiririk. Biletlər satışa çıxarıldıqdan sonra eyni anda 100 min nəfərə yaxın müraciət olub. Bu da “Iticket.az”ın saytında texniki problem yaranması ilə nəticələnib. Bildiyimizə görə, çətinlik yalnız saytdadır, kassalarda satış normal davam edir.

Klub olaraq məsələ ilə bağlı dərhal şirkətlə əlaqə saxladıq. Onlar bizə bildirdilər ki, eyni anda 100 minə yaxın müraciət olduğu üçün saytda əlavə yüklənmə əmələ gəlib və bu problem yaradıb. Hazırda texniki işçilər məsələnin həlli üçün əllərindən gələni edir. Yaxın zamanda onlayn bilet satışının qaydaya düşəcəyini gözləyirik”.

Avqustun 17-si Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” matçı saat 20:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43