06 Oktyabr 2022
Müsahibə

Fariz Nəcəfov: “Klublar Komitəsinin gördüyü iş ortada olacaq”

AFFA Klublar Komitəsinin (KK) yeni rəhbəri seçilən “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov müsahibə verib.

44 yaşlı funksioner əvvəlcə bu vəzifəyə seçilməsini şərh edib:

– Səsvermədə iştirak edən klub rəhbərlərinə göstərdikləri ehtimada görə təşəkkür edirəm. KK-nın daha səmərəli, effektiv fəaliyyət göstərməsi üçün əlimdən gələni etməyə çalışacağam.

– Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyindəki struktur dəyişikliyinin və aparılan islahatların bu vəzifəyə gəlməyə razılıq verməyinizdə rolu nə dərəcədə oldu?

– Klublar Komitəsinə sədr səçilməyimin PFL-də olan struktur dəyişikliyi ilə hər hansı əlaqəsi yoxdur. PFL ilə klubumuz arasında münasibətlər həmişə yüksək səviyyədə olub və olmaqda da davam edir.

– Qurumun fəaliyyətində hansı yenilikləri etmək fikrindəsiniz?

– Məqsəd və hədəf dəyişməz olaraq qalır. KK klubları narahat edən məsələlərin və bəzi problemlərin həlli üçün yaranıb. Burada müzakirə olunan qərarlar müvafiq instansiyalara çatdırılır. Qərarlar sırf tövsiyə xarakteri daşıyır. Məqsədimiz birdir: Həmin qərarlar nəzərə alınsın və icra edilsin. O zaman KK-nın gördüyü iş ortada olacaq. Futbolun inkişafı üçün səmərələli qərarların qəbul olunmasına çalışacağıq.

– İclasda klublara göstəriləcək yardımla bağlı məlumat verilib. Mümkünsə, bu barədə daha ətralı açıqlama verərdiniz: Ümumiyyətlə, vəsait bölgüsü bərabər aparılacaqmı?

– Toplantıda klubların sabit çıxışını təmin etmək üçün dövlətin ayıracağı məbləğin istifadə istiqamətləri müzakirə olundu. Vəsaitin müəyyən hissəsi bir neçə meyar əsasında xərclənəcək. Bölgü klublar arasında tam bərabər aparılacaq.

– Az öncə “Qəbələ”nin UEFA Gənclər Liqasındakı rəqibləri müəyyənləşdi. I mərhələdə Xorvatiya “Hayduk”unu keçəcəyiniz təqdirdə, növbəti raundda “Astana” (Qazaxıstan) – “Apolonia” (Albaniya) cütünün qalibi ilə görüşəcəksiniz. Bu turnirdə hədəfiniz nədən ibarətdir?

– Əsas məqsəd gənclərin lazımi təcrübə qazanmalarıdır. Çətin rəqiblə düşmüşük, amma gənclərimizə inamımız böyükdür. Turnirdə layiqli çıxış etmək üçün komandanın hazırlığına şərait yaradılacaq.

– Yeri gəlmişkən, “Qəbələ” Futbol Akademiyasının taleyinə aydınlıq gəldimi?

– Akademiyanın fəaliyyətinin zəifləməməsi üçün işlər və görüşlər davam edir. Məsələ hələ də həllini tapmayıb. Amma ümidimiz də yox deyil.

– “Sabah” komandasına qarşı Azərbaycan Premyer Liqasının IV tur matçında VAR sistemi ilə bağlı narazılığınız oldu. “Qəbələ” klubu olaraq, oyunda VAR-a baxdıqdan sonra belə, klubunuz əleyhinə mübahisəli qərarın verilməsini necə qəbul etdiniz?

– Çox təəssüf ki, həmin epizodda görüntü yaxşı deyil. VAR sistemi yeni tətbiq olunmağa başlayıb. Ona görə də müəyyən boşluqların olmasını anlayışla qarşılayıram. Ümid edək ki, tezliklə keyfiyyət artacaq və belə suallarla qarşı-qarşıya qalmayacağıq.

– Ümumiyyətlə, komandanızın hazırkı çıxışını necə dəyərləndirirsiniz?

– Komandamız yaxşı oyun sərgiləyir. Təbii ki, müəyyən çatışmazlıqlar var. Amma futbol komandasında çatışmazlıqların olması normal haldır. “Sabah”a uduzmağımıza baxmayaraq, komandamıza inamım böyükdür.

– Necə oldu ki, “Kəpəz” klubu “Qəbələ”nin stadionundan ev arenası kimi yararlanmağa başladı?

– “Kəpəz”in müraciətindən sonra klub daxilində müzakirələr apardıq və stadionun Gəncə klubuna verilməsinin mümkün olduğu qənaətinə gəldik. Hazırki vəziyyətdə “Kəpəz”ə yardım etməyi özümüzə borc bildik.

– Bu jestinizin qarşılığında “Kəpəz” icarə haqqı ödəyirmi?

– Əlbəttə.

– “Qəbələ”də Müşahidə Şurasının yaradılması nəzərdə tutulubmu?

– Xeyr, hazırda bu məsələ gündəmdə deyil. (report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Elxan Məmmədov: “Millimiz hər iki görüşdə hesabda geridə olsa da…”

admin

“Bunu ciddi uğur saymıram” – Noyabr ayının ən yaxşı futbolçusu (MÜSAHİBƏ)

admin

Roman Qriqorçuk: “Onun komandada qalmasını istəsək də, son qərarı futbolçu özü verdi” – MÜSAHİBƏ

admin