Kateqoriyasız

“Fasilədən sonra yığışmaq o qədər asan deyil” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 15-ci turunda “Zirə” ilə qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransı keçirib.

İdmanxeber.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk öncə bunları söyləyib:

“Birbaşa deyə bilərəm ki, zəif oynadıq. Bunun da səbəbi var idi. İlk olaraq, rəqib imkan vermədi. Yaxşı, ağıllı oyun qurmuşdular. Digər tərəfdən, öz oyunumuzda istədiyim dinamika, sürət yox idi. Görünür ki, fasilə bizə mane oldu. İstər-istəməz oyundan kənarda qaldıq. Futbolçuların hamısı birlikdə olmadılar. Hər halda, xallarımızın üzərinə növbətisi gəldi”.

“Futbolçularımı başa düşürəm. Fasilədən sonra yığışmaq o qədər asan deyil. Uzun marafon keçmişdilər. Çox yorulmuşdular, istirahətə ehtiyacları var idi. Görünür ki, lap yaxşı istirahət ediblər. Oyun və heyət baxımından çatışmazlıqlar var idi. Qarşıdakı görüşə hazırlaşacağıq. Normal hazırlaşmağa heç vaxtımız da yoxdur. Üç gün vaxtımız olacaq. Rəşad Sadıqova və öz komandama uğurlar arzulayıram” – deyə o bildirib.

O, futbolçularda ötən oyunda “Zirə” üzərindəki 7 qolluq qələbənin arxayınlığın qalıb-qalmaması ilə bağlı sualı belə cavablandırıb: “Ola bilər. Amma çalışırıq ki, aradan qaldıraq. Bəlkə də futbolçularda mənim hiss etmədiyim arxayınlıq var idi. Bunun üzərində çalışmışdıq. “Zirə”nin sonrakı matçlarına baxmışdıq. Elə oyunları olmuşdu ki, məğlubiyyətə layiq deyildilər, qalib gəlməliydilər. Futbolçularıma daim bu haqda bildirirdim. Amma hər bir halda, ola bilər futbolçularda arxayınlıq var idi”.

Mütəxəssis daha sonra söyləyib: “Bu gün hiss etdiyim o idi ki, futbolçular sanki istirahət haqda düşünürdülər. Gözləyirlər, dekabr ayı nə vaxt gələcək ki, istirahət olsun. Amma bu, zarafatdır. Hər bir halda, futbolçular peşəkardırlar. Belə hallar ilk dəfə deyil. Yadınızdadırsa, müsahibələrimdə həmişə demişəm, komanda eyni səviyyədə ilboyu oynaya bilməz. Deyirdim ki, xal itkisi də olacaq, məğlubiyyət də. Qarşıda hələ çox oyun var. Bəzən belə matçların həm mənim, həm də komandam üçün faydası olur”.

Q.Qurbanov Maksim Medvedevin uzun fasilədən sonra yenidən cinah müdafiəçisi kimi oynaması ilə əlaqədar deyib: “Zədədən sonra Maksim az oyun keçirmişdi. Hazırlığı yaxşı səviyyədə deyildi. Amma bu gün öz təcrübəsindən istifadə etdi. Orada oynadacağım oyunçum yox idi. Marko Veşoviç millinin düşərgəsində zədələnib. Abbas Hüseynov oyuna iki gün qalmış zədələndi. Ona görə orada Maksim oynayırdı. O, yaxşı təsir bağışladı, razı qaldım”.

O,  “sizcə, “Neftçi” güclənib?” sualını belə cavablandırıb: “Neftçi” həmişə güclüdür. “Qarabağ”la “Neftçi” klublarının oyunu tam fərqli məcrada keçir. “Neftçi” həmişə çempionatımızın liderlərindən biri olub”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43