06 Dekabr 2024
Ölkə futbolu

Fatih Terim “Qarabağ”ın təklifini qəbul edib

“Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək fəxri qonaqlardan biri Fatih Terim olub. 

İdmanxeber.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Tanınmış türkiyəli mütəxəssis “Qarabağ”ın dəvəti ilə ölkəmizə gəlir. Futbol azarkeşlərinin sevimlisi olan məşqçi alyansı yaradacaq klubların nümayəndələri kimi noyabrın 15-i  Bakıya təşrif buyuracaq.

Türkiyə millisi və “Qalatasaray”dakı uğurları ilə tanınan, “Milan” və “Fiorentina” kimi klubları çalışdırmış Terim COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansı dəstəkləmək məqsədilə ölkəmizə səfər edəcək. 

Mütəxəssisin alyansın yaradılması tədbirində çıxış edəcəyi gözlənilir. Terimin Bakı səfərini proqramı və KİV nümayəndələri ilə görüşü barədə əlavə məlumat ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, “Qarabağ”, həmçinin “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö”nün (İsveç) yer alacağı alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43