“Qarabağ”ın qapıçısı Fərhad Vəliyevin quru seriyası qırılıb. Ardıcıl 5 matçdır qol buraxmayan qolkiper Topaz Premyer Liqasının XII turunun “Qəbələ” ilə görüşündə 3 qol buraxıb. Vəliyevin seriyasını 72-ci dəqiqədə Lorenso Ebesilio qırıb. Sonuncu dəfə VI turun “Rəvan”la səfər oyununda qol buraxan qapıçını həmin qarşılaşmanın 20-ci dəqiqəsində Sebastyan Kastro-Tello məyus etmişdi. Fərhadın quru seriyası 592 dəqiqə sürüb və qapıçı mövsümün rekorduna imza atıb.
Dünyanın ən uzun quru seriyalarının yer aldığı IFFHS-in (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) siyahısına düşmək üçün Vəliyevin 68 dəqiqəsi çatmadı. Belə ki, daha 1 saat 8 dəqiqə qapısını toxunulmaz saxlayacağı halda o, 660 dəqiqə səddini fəth edənlərin sırasına qoşulacaqdı.