Fransa mətbuatı Azərbaycanın bayrağının “Lans”ın stadionunda dalğalanması haqda yazı dərc edib.
Lensois.com saytı qeyd edib ki, azərbaycanlı iş adamı Hafiz Məmmədovun “Lans”ın səhmlərini almasından sonra 41 min 233 tamaşaçı tutumu olan Feliks Bolların adını daşıyan stadionda yenilik baş verib. Belə ki, arenanın ən yüksək hissəsində Fransa bayrağı ilə yanaşı ilk dəfə olaraq Azərbaycan bayrağı da dalğalandırılmağa başlayıb.
Sayt yazıb ki, H.Məmmədov işinin çoxluğu səbəbindən dünən baş tutan “Lans” – “Oser” matçına (4:1) yetişə bilməsə də, tribunada oyunu izləyən Azərbaycan nümayəndə heyəti bu jesti yüksək qiymətləndirib.
Xatırladaq ki, həmin qarşılaşmaya stadionda baxanlar arasında futbol veteranlarımız İsgəndər Cavadov, İqor Ponomaryov və “Bakı” klubunun sabiq vitse-prezidenti Tunc Avşar da olub.