Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinın III mərhələsinin yarımfinalında növbəti görüşünü keçirəcək.
“Report”un məlumatına görə, 37 yaşlı qrossmeyster ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək. Əvvəlki 2 qarşılaşmada heç-heçə qeydə alındığından tay-breyk oynanılacaq.
Digər tay-breykdə isə Uesli So (ABŞ) və Məhəmməd Amin Tabatabai (İran) finala çıxmaq uğrunda mübarizə aparacaq.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.
Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.