Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplantısında olan "Xəzər Lənkəran" hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, hələ də Etame Mbilla və Sadio Tounkara düşərgəyə qoşulmayıblar.
Cənub komandasının mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bu futbolçuların hansı səbəbən gəlmədiklərini bilmir:
"Telefonlarına zəng çatmır. Məsuliyyətsizlik edirlər. Yəqin burada oynamaq istəmirlər. Ancaq bizim onlarla müqaviləmiz var. Ona görə də onları FIFA-ya şikayət edəcəyik".
Klub bu futbolçularla bağlı yekun qərarını verib. Hər iki oyunçudan FIFA-ya şikayət olunacaq.
Sonda onu da qeyd edək ki, həm Tounkara, həm də Mbilla klubda çıxış etmək istəmirlər. Baxmayaraq ki, hər iki afrikalının hələ XL-lə bir illik müqaviləsi var.