“Neftçi”nin futbolçusu Flavinyo klubun rəsmi saytına açıqlama verib. Braziliyalı yarımmüdafiəçi komandasının təlim-məşq toplanşı haqda fikirlərini bildirib:
“Təxminən iki həftə ərzində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olduq. Hazırlığımız yüksək səviyyədə keçdi. Bu müddət ərzində 5 yoxlama oyunu keçirdik. Xüsusən də “Fənərbağça” klubu ilə görüş maraqlı alındı. Belə qarşılaşmalarda qazanılan nəticədən daha çox göstərdiyimiz oyun vacibdir. Mövsümün ikinci yarısına hazırıq. 4 il bundan əvvəl mən “Neftçi”yə gələndə çempionatda çox az sayda səviyyəli legioner çıxış edirdi. Bu gün isə “Qarabağ”da Riçard Almeyda, Reynaldo kimi futbolçular var. Bu gün eşitdim ki, artıq “Qəbələ” klubu da Marat İzmaylov kimi futbolçunu heyətinə qatıb. Bu o deməkdir ki, çempionatın ikinci yarısı daha maraqlı keçəcək. Bununla yanaşı, çalışacağıq ki, mövsümü birinci pillədə bitirək və ardıcıl dördüncü çempionluğu yaşayaq”.