Milli komandamızın baş məşqçisi Berti Foqts Estoniya yığmasına qarşı keçiriləcək oyun ərəfəsində mətbuat konfransı keçirib.
Almaniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
– Estoniya yığması haqda nə deyə bilərsiniz?
– Estoniya yığmasının bir neçə oyununa baxmışam. Evdə çox güclü oynayırlar. Hollandiya və Türkiyəyə qarşı çox yaxşı oynadılar. Mübarizə apara bilirlər.
– Rəşad Sadıqov və Əfran İsmayılovun yoxluğu sizi narahat edir?
– Maraqlıdır ki, niyə siz Rəşad və Əfranı xatırlatdınız, ancaq təsnifat mərhələsinin ən yaxşı oyunçusu Kamran Ağayevi unutdunuz. Sabah meydana 11 oyunçu ilə çıxacağıq. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Bizim çox maraqlı komandamız var. Hər kəs digərini əvəz edə bilər. Məqsədimiz qələbədir. Taktiki cəhətdən ağıllı oynamalıyıq. Meydana çıxacaq oyunçulara inanıram. Əgər bacarıqlarını göstərə bilsələr.
– Siz burada Şotlandiya yığması ilə olmuşunuz və 1:0 hesablı qələbə qazanmışınız.
– Əladır. Qoyun sabah eyni şeyi təkrarlayım.
– Yığmada yarış cədvəlinin son pilləsində qərarlaşmış komandadan üç oyunçu var. Niyə belə olub? Ona görə ki, aparıcı komandalar yerli oyunçulara əhəmiyyət vermir?
– Mən “Sumqayıt”dan iki nəfər çağırmışam. Çünki zədəlilərimiz vardı. Komandanın hansı pilləni tutması vacib deyil. Mənə oradan oyunçu götürmək liderin ehtiyat skamyasında oturan futbolçudan yaxşıdır. Vurğuna gəlincə, onun zədəsi vardı. Mən onu gənc olduğu üçün çağırmışam. Onun üçün yığmanın qapıları açıqdır. Pərdis gəlincə, əgər onda hər şey alınsaydı, “Neftçi” ya “Qarabağ”da oynayardı.
– Estoniyanın hava şəraitinə alışmaq futbolçularınıza çətin olmayacaq ki?
– Məgər sizə soyuqdur? Ancaq Sizi bizimlə getməyə heç kim məcbur etmir (gülür). Hava şəraitinə öyrəşmək sual deyil. Oyunçulara nəticəni pis hava şəraiti ilə əlaqələndirmək imkanı verməyin.
Onu da demək istəyirəm ki, sabah mən alman deyil, azərbaycanlı olacağam. Biz İsrail və Rusiyaya qarşı oynadığımız kimi oynasaq, burada qalib gələ bilərik.
Azerisport.com