07 Dekabr 2024
Ölkə futbolu

“Futbol+” kollektivinin növbəti addımı ölüm aclığına başlamaq olacaq”- Mahir Rüstəmli

“Futbol+” kollektivinin növbəti addımı ölüm aclığına başlamaq olacaq”

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun aprelin 1-dən maliyyə yardımını dayandırdığı “Futbol+” kollektivi bu gün ilk etiraz aksiyasını keçirib. Metronun “Elmlər Akademiyası” stansiyasının önündə toplaşan qəzetçilər burdan KİVDF-nin ofisinin önünə doğru hərəkət ediblər. “KİVDF, ədalətsizliyə son qoy!”, “Haqqımızı istəyirik”, “Bizi eşit, Prezident!” plakatlarını qaldıran kollektiv üzvləri “Ədalətsiz KİVDF”, “Saxtakar KİVDF” şüarlarını da səsləndiriblər. Qəzetin baş redaktoru Mahir Rüstəmli həmçinin olay yerində olan jurnalistlərin suallarını cavablayıb.

” Bu bizim ilk etiraz aksiyamızdır. Təəssüflər olsun ki, ölkənin ən populyar idman nəşri maliyyələşmədən kənardadır. Heç bir əsas göstərmirlər. Yalançı bir əsasları var ki, ictimai-siyasi nəşrləri maliyyələşdirirlər. Təbii ki, bu əsas yox, bəhanədir. Ona görə ki, onların maliyyələşdirdiyi “Oxu məni”, “Biznes tayms”, “Hərbi and” qəzetlərinin ictimai-siyasi nəşrlərə heç bir dəxli yoxdur. Biri hərbi qəzetdi, o biri iqtisadi mövzular üzrə ixtisaslaşıb, digəri – “Oxu məni” isə şou-biznes qəzetidir. Ona görə də, bu, yalnız “Futbol+”in media bazarından sıxışdırılıb çıxarılmasına yönəlmiş bir addımdır. Bir qəzeti çökdürmək üçün atılmış addımdır. Biz də bu ədalətsizliyə, haqsızlığa etiraz edirik. Nə mümkündürsə, edəcəyik ki, haqqımız bərpa olunsun”.

Maliyyə bu ildən ayrılmayıb sizə?
– 2019-cu ilin 2-ci rübündən. 2-ci rüb aprel-iyun aralığını əhatə edir. Maliyyələşəndə belə, yeganə gündəlik qəzet idik ki, hamıdan az maliyyə ayrılırdı bizə. Başqalarına 60 min, 80 min, ən azı 40 min ayrıldığı halda, bizə maksimum, yarım il ərzində 30 min manat vəsait ayrılırdı. Təbii ki, onda da haqqımız pozulurdu. Bunun üstündən keçmişik. Çünki başqa qəzetlərdən fərqli bizim oxucumuz var. Buna görə də bizə ayrılan maliyyə kifayət edirdi ki, işimizi quraq, əməkdaşlarımıza məvacib verə bilək. Belə namərd qərarla, ayrı-seçkilik etməklə, Prezidentin media siyasətinə zidd getməklə bizim həm insan, həm də jurnalist hüquqlarımız kobud şəkildə pozulur.

– 2019-cu ilin birinci rübündə maliyyə ayrılıbmı?

– Bəli. 15 min manat, hər aya 5 min. Lakin indi elə qəzetlərə pul ayırıblar ki, adam qalır belə. Mən bu gün də iddia edirəm ki, “Futbol+” ölkənin qəzet bazarında bütün hallarda ilk “3-lük”dədir. İstənilən yayım şirkətinə yaxınlaşaq, bizim qəzet satışına, tirajına görə ilk “3-lük”dədir. Lakin bizim haqlarımız pozulur.

Tək sizin qəzetdir kənarda qalan?

– Demək olar ki. 7 qəzet kənarda qalıb, onlardan 4-ü onsuz da fevralın 1-dən fəaliyyətini dayandırmışdı. Burda “Futbol+qol” qəzeti var ki, ümumiyyətlə, divar qəzetinə bənzəyir. Və bunu hər kəs də bilir. Həftədə 3 dəfə çıxmasına baxmayaraq, 40 min – bizdən 10 min daha çox pul alırdı. Maliyyə dayanan kimi onlar da fəaliyyətini dayandırdı. Onlarda kollektivlik yoxdur, olsaydı, gəlib bizim kimi etiraz edərdilər. Yəqin onlar KİVDF-yə bağlıydı ki, heç bir etiraz da etmədilər.

-Qəzetinizin tirajı hazırda nə qədərdir?
– Bu gün 2000 və daha yuxarıdı. Ayrı-ayrı sayların fərqi var.

– Bəs satış?
– 60-70 faiz.

– Satış nöqtələri, demək olar ki, sıradan çıxıb. Artıq metrolarda və başqa yerlərdə də satışa imkan verilmir. Bunlar bərpa olunsa, qəzet özünü doğrulda biləcəkmi?

– 2013-cü ildən bəri metroda qəzet satışına qadağa qoyulub. Təbii ki, bu da ədalətsiz qərardır. Ən azı satışa 15-20 faiz mane olan amildir bu. Çox təəssüf ki, hər şeyi fikirləşirlər, qəzetin pulun kəsməyi düşünürlər, ancaq metroda qəzet satışının bərpasıyla bağlı heç bir qərar verilmir. Bu yöndə çalışmaq istəyən ayrı-ayrı şirkətlər, insanlar var. Ancaq bunların heç birinə icazə verilmir.

– Sizcə, buna səbəb nədir?

– Bunu demək mənə çətindir. Sanki mediaya nəzarət etmək istəyirlər. İstəmirlər azad, güclü media olsun, medianın öz bazarı, tirajı yüksək olsun. İnsanların sıx hərəkət etdiyi yerdə, metroda qəzet satışına qadağa qoyulursa, bunu başqa necə anlayaq?!

– Sizə maliyyə ayrılmamasına səbəb nədir?

– Bir daha deyirəm ki, bizi qəzet bazarından sıxışdırıb çıxarmaq. Bunda da birbaşa KİVDF rəhbərliyi maraqlıdır. Vüqar Səfərli və onun ətrafındakılar maraqlıdır. Onlara da göstəriş başqa şəkildə verilib. Deyiblər ki, normal nəşrlərlə, tirajı və satışı olan nəşrlərlə başqaları arasında fərq qoyun. Bunlar isə belə hesab edir ki, “Futbol+”i sıradan çıxarmaq ən asan yoldur. Çünki bizim arxamızda heç kim yoxdur. Nə siyasi bir qüvvəyə bağlıyıq, nə də hansısa oliqarxa. Bu kollektiv özü qəzeti maliyyələşdirir.

-KİVDF neçə il idi sizi maliyyə ayırırdı?

– Son 5 ildə maliyyə ayrılıb. Başqalarına 10 ilə yaxındı. Artıq KİVDF-nin 10 yaşı tamam oldu, yeri gəlmişkən, onları bu münasibətlə təbrik etmirik, uğur arzulamırıq. Bizi sıradan çıxarırlarsa, yüksək tirajı, oxucusu olan qəzetə münasibətdə bunu edirlərsə, onlara heç bir uğur arzulamıram.

– Vüqar Səfərli ilə görüşmüsüzmü?

– Ona rəsmi müraciət etmişik. Rəsmi cavabları budur ki, Müşahidə Şurası belə qərar verib. Lakin qeyri-rəsmi söhbətlərdə də deyilir ki, guya yuxarıdan gələn göstərişdir ki, yalnız ictimai-siyasi nəşrlər maliyyələşdirilsin. Siyahıya yalnız ictimai-siyasi nəşrlərin salınmadığını isə artıq bir az əvvəl dedim.

– Başqa hansı addımlar atmağı düşünürsüz?

– Bundan sonra Prezident Aparatının qarşısına gedəcəyik. Daha sonra ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında aksiya planlaşdırırıq. İnsan hüquqlarının və demokratiyanın qorunması ilə məşğul olan müstəqil, qeyri-hökümət təşkilatlarına müraciət edəcəyik. Bunlar da bir bəhrə verməyəcəyi halda, “Futbol+” kollektivinin növbəti addımı ölüm aclığına başlamaq olacaq.

Kollektiv neçə nəfərdir?
– Texniki işçiləri də nəzərə alsaq, 20-yə yaxın.

• Ölkə başçısına müraciət etmisizmi?
– Belə düşünürəm ki, etdiyimiz müraciətlər ölkə başçısına çatdırılmır. Ortada olan adamlar – , hansı ki, qarışıqlıq yaranmasını, Prezidentin imicinin zədələnməsini istəyirlər – müraciətlərimizin Prezidentə çatmasını əngəlləyirlər.
• Hesab edirsiz ki, bu, Prezidentə qarşı bir sabotajdır?
– Bəli. Prezidentin Azərbaycanı idman ölkəsinə çevirmək siyasətinə ziddir. Onun iradəsinin əleyhinədir. Belə həssas məqamlarda, hansı ki, Prezident islahatlar aparır, dövlətlə xalq arasında təmaslar var, açıq-aydın sabotajdır. İlk növbədə Prezidentə qarşı sabotajdır. Və ən əsası, “Futbol+”i sıradan çıxarmağa hesablanıb.

• Son müsabiqəyə hansı layihəni təqdim etmisiz?
– “İlham Əliyev – Azərbaycan idman uğurlarının bələdçisi” adlı layihə idi. Və bu layihəni də Prezidentin yanında olan KİVDF qəbul etmədi.

Mahir Rüstəmli aksiyanın sonunda qətnaməni oxuyub:

“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası bu il aprelin 1-də verdiyi qərarla “Futbol+” qəzetinə maliyyə yardımını dayandırıb. Heç bir əsası olmayan bu qərarı jurnalist və insani hüquqlarımızın pozulması, medianı tam və bütöv şəkildə görən ölkə Prezidenti İlham Əliyev cənablarının siyasətinin ziddinə olan addım, 22 illik tarixə malik bir qəzetin kollektivinə, eləcə də minlərlə oxucumuza hörmətsizlik kimi qiymətləndiririk. Azərbaycanda KİVDF Müşahidə Şurasının müəyyənləşdirdiyi bütün tələblərə cavab verən iki-üç qəzet varsa, onlardan biri də “Futbol+”dir. Digər tərəfdən aprelin 1-dən maliyyə ayrılacaq qəzetlərin sırasında “Oxu məni”, “The Business Times”, “Hərbi and” kimi qəzetlərin olması “ictimai-siyasi” nəşrlər şərtinin qurama olduğunu və istisnasız “Futbol+”in siyahıdan kənarda qalmasına hesablandığını göstərir.
Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, KİVDF-nin Müşahidə Şurasının 1 aprel 2019-cu il tarixli qərarına yenidən baxılmasını, “Futbol+” qəzetinə ayrılan aylıq maliyyənin bərpasını tələb edirik”.

Qətnamə KİVDF-nin hüquqşünası Elşad Tağıyevə təqdim olunandan sonra kollektiv üzvləri Prezident Aparatına yollanıb. Mahir Rüstəmli, qəzetin reklam direktoru İlqar Əliyev və yazarı Rəşad Qasımov qəbul şöbəsində qəbul olunub. Baş redaktor ardından bir daha jurnalistlərin suallarını cavablayıb.
• KİVDF-nin ofisinin qarşısından gəlirik. Orda tələblərimizi səsləndirdik. Və belə hesab etdik ki, etirazımızı Prezident Aparatına da çatdırmaq lazımdır. Bir az növbədə gözlədik, ancaq sonra qəbul etdilər. Dərdimizi dedik və dinlədilər. Dedilər ki, aprelin 11-i, saat 2-də gəlin qəbula. Bizi qəbul edəcəklər. Ondan sonra növbəti fəaliyyət planımızı müəyyənləşdirəcəyik.
• Kim qəbul edəcək sizi?
• Onu demədilər, sadəcə, dedilər ki, aprelin 11-i, saat 2-də burda olun.
• Əli Orucov qəbul etmişdi sizi?
• Qəbul şöbəsində qəbul etdilər. Dinlədilər və problemlərlə maraqlandılar.
• Gözləntiləriniz nədir?
• Açığı, KİVDF-nin bugünkü anlaşılmaz addımı, sonra bizi heç qəbul etməməsi onların bizə hörmətsiz münasibətini göstərir. Həm qəzetimizə, həm də jurnalistikaya, jurnalistlərə hörmətsizlik edirlər. Qəbul normal keçdi. Ümid edirəm ki, burda sağlam məntiq qalib gələcək. Ağıllı mövqe qoyacaqlar ortaya və dərdimiz eşidiləcək, bunu gözləyirəm. Ümid edirəm ki, sonunda haqq qazanacaq.
• KİVDF-nin pulu kəsməsiylə sizə konkret nə qədər ziyan dəyib?
• KİVDF-nin ayırdığı 5 min manat aylıq büdcəmizin 38-40 faizini təşkil edir. Özünüz də bilirsiz ki, nə normal reklam bazarı var, nə normal satış bazarı var, nə də metrolarda qəzet satışı var. Satışın olmaması bir yana, bu gün aprelin 9-dur, ancaq biz yanvarın pulunu ala bilməmişik. “Futbol+”in satılmış nüsxələrinin belə pulunu ala bilmirik. Təbii ki, KİVDF-nin ayırdığı pul bizim üçün bir nəfəslik idi. Hər ayın 4-5-də köçürülən pul qəzetin fəaliyyətini qismən maliyyələşdirməyə imkan verirdi. Düzdür, borclu qalırdıq – mətbəəyə, başqa xidmətlərə, kommunal xərclərə. Amma gecikmə ilə də olsa, ödəyirdik. Bu gün 5 min manatımızın kəsilməsi büdcənin az qala yarısının itirilməsi deməkdir. Üstəlik, satdığımız qəzetlərin də pulunu ala bilmirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43