07 Yanvar 2025
Ölkə futbolu

Futbolçular “Simurq”dan niyə qaçır?

Zaqatalanın "Simurq" klubu ikili oyun oynayır.

İdmanxeber.com-un məlumatına görə, hər mövsüm öncəsi klub rəhbərliyi komandanın iddialı olacağını açıqlayır və sonucda edilən transferlər, tutulan yer bunun sadəcə sözdən başqa bir şey olmadığını ortaya qoyur. 

Artıq yeni mövsüm üçün transfer çalışmalarına başlayan əyalət klubu bir müddət öncə Ruslan Poladovla yolları ayırmışdı. Səbəb kimi isə futbolçunun yaşlı olması və onun əvvəlki formasında çıxış etməməsi göstərilirdi. Lakin Poladovun "Sumqayıt"a transferinin ardından Zaqatala komandası gülünc addım atıb. "Gənclik şəhəri"nin komandası ilə müqavilə imzalayan Poladovla gizli danışıqlar aparılıb və onun geri qaytarılması gözlənilir. Düzdü "Sumqayıt" tərəfi Poladovun onlara məxsus olduğunu bildirir və bu xəbəri təkzib edir. Lakin futbolçu da öz növbəsində "Simurq"a qayıdacağını az qala hər açıqlamasında söyləyir. 

"Simurq"un Poladovu yenidən geri istəməsinin yeganə səbəbi futbolçu tapa bilməmələridi. Yeni mövsümdə yerli futbolçularla bağlı tətbiq olunacaq sistem Zaqatala klubunu çıxılmaz vəziyyətə qoyub. Əldə etdiyimiz məlumata görə, "Simurq" ona lazım olan hansı yerli futbolçuyla danışıq aparırsa sonuc müsbət olmur. Məhz Zaqatalaya gəlmək istəməyən yerli futbolçuların bu hərəkəti "Simurq"un Poladov sevgisini daha da artırır.

Hələ ki, heç kimə lazım olmayan Samir Zərgərovla güclənən "Simurq"un yeni mövsümdə də sadəcə başaldatmalarla məşğul olacağı məlumdur. Əvəzində isə komandanı Raul Kostin, Mindauqas Kalonas, Nenad Kiso kimi futbolçular tərk edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43