Ölkə futbolu

“Futbolçularımızı bir neçə dəfə bilərəkdən zədələyiblər” – Qurban Qurbanov

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Sumqayıt” – “Qarabağ” (0:0) matçından sonra baş tutan mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə görüş barədə fikirlərini bildirib…

– İlk oyun idi. İstəyirdik qalib gələk. Bəzi şeylər istədiyimiz kimi alınmadı. Son vaxtlar komandada çox yorğunluq olur. Zədəli futbolçularımız var. İstədiyimiz kimi hücumlarımızı qura bilmirik. İrəli xətdə problemlərimiz var. Cavab oyununda hər iki komandaya uğurlar arzu edirəm.

– Abdullah Zubirin əvəzlənməsi nə ilə bağlı idi?
– Zədədən qorumaq üçün əvəzlədim.

– Bu hesabı qənaətbəxş hesab edirsiz?
– Məğlub olmadıq. Mərhələ keçmək istəyiriksə, cavab matçında qələbə qazanmalıyıq. Bu rəqibə qarşı 3-cü dəfədi ki, burda oynayırıq. “Sumqayıt” qol vurmağı bacaran komandadı. Daha diqqətli olmalıyıq. Bir-birimizi yaxşı tanıyan komandayıq.

– Zubir meydana girəndən sonra 2-3 dəfə ayağına zərbə vuruldu. Sizcə, onu bilərəkdən zədələyirlər?
– Bəlkə, mənim futbolçumdu deyə hirsləndim. Oyuna girəndən ayağına vururdular. Sanki ona qarşı həddindən artıq aqresiv idilər. Nə mən, nə də futbolçularım heç vaxt rəqibə hörmətsizlik etməmişik. Hər zaman futbolçularıma tapşırıram ki, rəqiblərə qarşı ehtiyatlı olsun. Son vaxtlarda bizim futbolçulara qarşı aqresiv oynayırlar. Bilmirəm hansı istəklə, hansı niyyətlə belə oynayırlar. Çox oyunlar olub ki, çalışmışam daha səbrli olum. Mən öz futbolçumu qoruyub saxlamalıyam. Bəzi epizodlarda belə aqresiv oynamağı qəbul etmirəm. Bu gün də etmədim. Dəfələrlə olub ki, sırf Zubirə qarşı sərt oynayırlar. Hakimlərə də demişik ki, ilk belə ciddi təmasda xəbərdarlıq etsinlər. Bu gün Zubirə 5 dəfə müdaxilə edildi, ancaq hakim fitini çalmadı. Hamımız bir-birimizi tanıyırıq. Boş-boşuna mən Zubiri çıxarmaram, boş-boşuna Filip Ozobiç zədələnməz, Şahruddin sıradan çıxmaz. Hamımız bir-birimizi tanıyırıq, görüşəndə qucaqlaşırıq. Mən öz futbolçularıma dəfələrlə tapşırıram ki, ehtiyatlı olsunlar. Mahiri bir neçə dəfə bilərəkdən zədələyiblər, Filip də eynilə. Hər zaman rəqiblərimizə qarşı hörmətlə yanaşacağıq, sadəcə bu dərəcə aqresiv olmamalıdılar.

– Bu məsələdə baş məşqçilərin də günahı var?
– Yox, belə deməzdim. Biz meydanda çox şeylər görürük. Heç kimə irad bildirmək istəmirəm. Hamı qələbə qazanmaq istəyir. Ancaq bir futbolçuya qarşı bu qədər antipatiya hardan gəlir, bilmirəm. Qarşıdakı oyunlarımızda da rəqiblərə hörmətlə yanaşacağıq. Bu cür hallarla yenə qarşılaşsaq, dəyişiklik edəcəyik. Bir oyunu itirə bilərik, amma bir futbolçunu 3-4 aylıq itirmək istəmirik.

– Düşünmürsüz ki, “Qarabağ”ı belə dayandırmaq istəyirlər?
– Xeyr, deməzdim. Mən hər zaman düşünmüşəm ki, mənə bir xoş üz göstərənə mən iki xoş üz göstərim. Biz futbolçumuzu qoruyub saxlamalıyıq. Həddindən artıq çox epizodlar göstərə bilərəm. Hakimlərlə danışırıq. Biri var sərt oynayasan, biri də var başqa cür…

– Zubiri müdafiəçiylə əvəzləməyiniz nə ilə bağlı idi?
– Rahili meydana buraxacaqdım. Bu gün istəmədiyim və xoşlamadığım əvəzləmələr etdim.

– Həm Azərbaycan kubokunda, həm Premyer Liqada mübarizə apara biləcəksiz? Seçim şansınız olsa, hansını seçərdiz?
– İki turnirdə də sona qədər mübarizə aparacağıq. Həm kuboku, həm çempionatı qazanmaq istəyərdim. Sadəcə, komanda həddindən artıq yorulub.

– Patrik Andrade və Xayme Romeronun durumu nə yerdədir?
– “Səbail”lə oyundan sonra Andradenin əzələsində dartılma oldu. “Qəbələ” ilə matça hazır olub-olmayacağını bilmirik. Romero və Mahirin də durumuna sabah baxacağıq. Bizə əsas olan zədədən qayıdan futbolçunun öz formasını bərpa edə bilməsidi. Hələ ki, problem budu. Zədəlilər sağalsa da, tam formalarına düşmək üçün vaxt lazımdı. Ancaq sağlam olsalar, bilərsən ki, heç olmasa 15-20 dəqiqə oynaya bilərlər. Əlimdəki futbolçuların hamısına güvənirəm və sona qədər mübarizə aparacağıq. Bəzi şeylər var ki, sizlərə bildirməliyəm. Dediklərim xoş olmaya bilər, bəlkə də, ilk dəfə belə şey eşidirsiz məndən. Lakin futbolçularımızı qorumalıyıq. Bəzən bizə qarşı aqressivlik çox olur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Güloğlan Cabbarov: “Kimlər ki, bunların sifarişlərini yerinə yetirmir, onları ləkələyib futboldan silirlər”

admin

“Qəbələ”li azarkeşlər yeni baş məşqçidən nə tələb etdilər? – FOTO

admin

AZAL-ın yeni baş məşqçisi bəlli oldu

admin