“Kəpəz”in hücumçusu Amil Yunanov “Araz Naxçıvan” oyunu sonrası İdmanxeber.az saytına müsahibə verib. O, komandasının çıxışından və qarşıdakı görüşlər barədə danışıb:
– “Araz Naxçıvan” üzərində vacib qələbə qazandınız. Oyunu necə şərh edirsən?
Çox adam qalib gələcəyimizi düşünmürdü. Çünki vacib itkilərimiz var idi. Çətin oyun oldu bizim üçün. Aşağı pillələrdən uzaqlaşmaq lazım idi. Görüşün əhəmiyyətini yaxşı dərk edirdik. “Qəbələ”dən aralanmaq, fərqi artırmaq üçün fürsət düşmüşdü. Qələbə qazandığımız üçün sevincliyik. Uşaqlar axıra kimi yaxşı mübarizə apardı.
– “Kəpəz”də şərait çox çətindir. Hətta ev oyunlarını belə Gəncədən uzaqda oynayırsınız. Bununla belə, yenə də mübarizə aparmaq, uğur qazanmaq necə mümkün olur?
Premyer Liqada sponsorsuz tək komandayıq. Çətinliklər həddindən artıq çoxdur. “Kəpəz”in adını daha da yuxarı aparmaq niyyətindəyik. Gəncə futbolu yüksəklərə layiqdir. Baş məşqçi də, biz də hamımız nəticələrə köklənmişik. Hədəfə çatmaq üçün problemləri, çatışmazlıqları kənara qoymalıyıq.
– Hazırda ev oyunlarınızı Qəbələdə keçirirsiniz. Amma bir müddət sonra Tovuza qayıtmaq ehtimalınız var. Futbolçular üçün hansı daha uyğundur,. Qəbələ, yoxsa Tovuz?
Açığı, mən tovuzluyam, istəyərəm orada oynamağı (gülür). Amma futbolçuların çoxu Qəbələdə oynamaq istəyir. Təbii meydançanı üstün tuturlar. Ancaq buranın havası çox ağırdır. Mən özüm meydana girəndə belə bunu hiss edirəm. Nəfəs almaqda çətinlik çəkirsən. Ancaq dediyim kimi, komandada hamı burada oynamaq istəyir. Yenə də bizim üçün fərq olmayacaq. İstəyərdik Gəncədə – doğma azarkeşlər önündə çıxış edək. Heyif ki, hələlik alınmır.
– Adama Niane iki yüz faizlik epizoddan yararlana bilmədi. Ardınca onun yerinə meydana daxil oldun və dərhal fərqləndin. Bu, əsas heyət üçün baş məşqçiyə mesaj idi?
Açığı, əsas heyətdə də oynadığım görüşlər olub. Nianeni də pis futbolçu deyil, yaxşı forvarddır. Sabah mənim də başıma gələ bilər. Elə epizod olar ki, yararlana bilmərəm. Bu gün artıq çəkilərim var. Tam formada deyiləm. Tez bir zamanda bərpa olmaq istəyirəm. Qışda tez formaya düşmək asan deyil. Vaxtımız da azdır. Amma getdikdə daha yaxşı olacağını düşünürəm.
– Artıq sonuncu sıradakı “Qəbələ”dən beş xal irəlidəsiniz. Psixoloji üstünlüyün sizin tərəfinizə keçdiyini deyə bilərik?
Açığı, heç cür rahatlaşa bilmirik. İki oyun məğlub olsaq, mövqeyimizi itirə bilərik. Hər şey mümkündür. Üst sıralardakı komandalara çatmaq lazımdır. Yerimizi möhkəmləndirənə qədər rahat ola bilmərik.
Həsən Quluzadə