13 Sentyabr 2024
Ölkə futbolu

“Futbolçuların komandaya cəlb olunması ilə bağlı qərar biz məşqçilərə aiddir” – Adil Şükürov

Premyer Liqada 4 turdan sonra aktivində xal olmayan “Kəpəz”in çıxışı nəticələrdən dolayı narazılıqla qarşılanır. Kluba qarşı qarışıq, xoş olmayan ab-hava yaranıb. Gəncə təmsilçisinin etdiyi transferlər gündəmə gəlib. Son günlər kluba dəvət olunan legionerlərlə bağlı müəyyən fikirlər səslənir. Onların baxılmadan, izlənilmədən gətirildiyi və xüsusən də transferlerin komandanın rəhbərliyi tərəfindən edildiyi bildirilir.

Lakin “Kəpəz”in baş məşqçisi Adil Şükürov bütün bunları yalanlayıb, tam əsassız olduğunu qeyd edib.

İdmanxeber.az-a danışan təcrübəli mütəxəssis bütün futbolçularla bağlı qərarın arxasında məşqçilər korpusunun dayandığını deyib:

“Hər bir klubun daxili transfer siyasəti var. Mövsümün əvvəlində rəhbərliklə danışdıq və belə qərara gəldik ki, ayrı-ayrı mövqelər üzrə menecerlər tərəfindən təqdim olunan siyahı məşqçilərə yönəldilir. Məşqçilər tərəfindən həmin futbolçular incələnir və onlar haqda qərar verilir. Bu əsasda menecerlər tərəfindən təqdim olunan bütün futbolçulara baxıldı. Mövqelər üzrə bəyəndiyimiz oyunçuları kluba təqdim etdik və büdcəyə uyğun olaraq həmin futbolçularla danışıqlar aparıldı. Təəssüflər olsun ki, bəzən bəyəndiyimiz amma danışıqlar əsasında müəyyən məsələlərdə razılıq alıb müsbət nəticə əldə edə bilmədiyimiz futbolçular da oldu. Buna baxmayaraq, çalışdıq ki, ən yaxşılarını kluba dəvət edək. Onların da hər birinə inanırıq. Kənardan klub və futbolçular haqqında danışılan, yazılanlar həqiqəti əks etdirmir. Yalan informasiyalar verilir. Futbolçuların komandaya cəlb olunması ilə bağlı qərar biz məşqçilərə aiddir. İşimizin başındayıq, hamılıqla bu vəziyyətdən çıxış yolunu tapacağımıza, durumu tezliklə dəyişəcəyimizə inanırıq. Bu istiqamətdə işlərimiz davam edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43