22 Dekabr 2024
Müsahibə

“Futbolkanı səhv geyinməyim haqda danışsam, özümü “yandıra” bilərəm” (MÜSAHİBƏ)

“İnter”in futbolçusu Nizami Hacıyev AZAL-la keçirilən matçdan sonra İdmanxeber.com-a müsahibə verib.

 

– Nizami, bu gün sanki oyunun alınmırdı…

 

– Bəli, baş məşqçimizlə də bayaq söhbət etdik. O da komandamızın ümumi pis təsir bağışlamdağını bildirdi. Düzü, özümə qarşı bir az kritikəm, oyunumu yenidən təhlil edəcəm. Fikrimcə, bu gün istədiyim kimi çıxış edə bilmədim. Amma bizə vacib olan 3 xal qazanmaq idi. Çünki rəqiblərmizin çoxu xal itirmişdi və biz də əlimizdən gələni edib, qələbə qazanıb, 2-ci pilləyə qalxmalı idik. Məqsədimiz bu idi. Təəssüflər olsun ki, maddi durumumuz qaydasında deyil. Matçdan öncə futbolçularla sözü bir yerə qoyduq ki, bu gün bizim üçün vacib olan 3 xaldı. Bütün Azərbaycana göstərməliyik ki, pulumuz, qayğımız da olmasa ən azı biz yerə layiqik.

 

– Bu gün hücumlara çıxanda sanki son anda qərar verməkdə çətinlik çəkirdin…

 

– Ola bilər bir az çətinlik var idi. Mən deyərdim ki, qlobal problem deyil. Bu, hər bir futbolçuda olur. Karyeramız ərzində elə matçlar olur ki, oyunumuz alınmır. Amma yəqin ki, qələbədə cüzi də olsa payım var. Bu mənə bəs edir. İndi özüm haqda fikirləşmirəm. Vacib olan mənim necə oynamağım yox, 3 xal idi.

 

– Son qarşılaşmalarda nəticələr olsa da, komanda sanki bir az darıxdırıcı oyun nümayiş etdirir. Bu nədən irəli gəlir?

 

– Ümumiyyətlə, maçtdan öncə baş məşqçi ilə söhbət etmişdik. Oyuna aqressiv başlamırıq, qısa paslarla topu saxlamaq istəyirik. Ola bilər bu da qıraqdan bir az pis görünür. Amma “qalibi mühakimə etməzlər”. Bu bizə yetərlidi.

 

– Matça 80 nömrəli forma ilə başlasan da, oyunun gedişində protokolda qeyd olunan 8 nömrəli futbolka ilə dəyişdin. Maraqlıdı, nə baş verirdi?

 

– Bu çox qəliz məsələdi, ona görə də çox danışmaq istəmirəm. Özümü “yandıra” bilərəm.

 

– Belə başa düşdük ki, səhv səndədi…

 

– Əlbəttə, klubun heç bir işçisində günah yoxdu. Səhvdi, hər bir klubda olur. Etdiyim səhvin də cəzasını çəkməyə hazıram.

 

– Baş məşqçiniz bu il əsas hədəfinizin ilk üçlüyə düşmək olduğunu bildirdi. Siz futbolçular buna inanırsınız?

 

– Bəli, inanırıq. 13 turdan sonra 2-ci yerdə gedirik. Sadəcə bizə yanvarda rəhbərliyin inanmağı və cüzi miqrdar da kömək göstərilsə ilk üçlükdə rahat oynaya bilərik. Bizə bir az təkan lazımdı, müəyyən mövqelərdə güclənmək, xaricə təlim-məşq toplanışları keçmək oyunlarımıza təsir edir. Futbolçu əgər qayğını hiss edirsə, məsuliyyət var. Məsuliyyət yoxdusa, sonra nəticə də olmur. Biz də əlimizdən gələni edirik ki, sponsorlar bizə inansınlar. İndi də 2-ci yerdəyik. “Kəpəz”lə oyuna kimi vaxtımız var. Rəhbərliyin də vaxtı var, seçimlərini etməlidilər. Yenə də deyirəm bizə rəhbərliyin inamı və maddi kömək lazımdı. Qalanı futbolçuların işidi.

 

– Rəhbərlik deyəndə kimləri nəzərdə tutursan? Çünki bir müddət öncə müsahibələrinin birində klub rəhbərliyinin kim olduğunu bilmədiyini demişdin…

 

– Düzü, mən də mətbuatda oxuyuram ki, Beynəlxalq Bank bizə rəhbərlik edəcək. Bu gün bizə cüzi miqdarda da olsa maaş verən adıçəkilən bankdı. Deyilənlərə görə, Beynəlxalq Bank bizə sponsor olacaq. Bunu nəzərə alıb deyirəm ki, əgər bank bizə sponsorluq etsə, seçimində yanılmayacaq. İndi “İnter” kimi klublar çox azdı. Bunu etiraf etmək lazımdı. 2-ci yerdə gedirik, bazamız, şəraitimiz var. Sadəcə, bu klubu maliyələşdirib, yüksəyə qaldırmaq lazımdı. Futbolçuların əsas vəzifəsi oynamaqdı ki, bunu da edirik.

 

– Heyətdə olan futbolçuların içərisində ən təcrübəlilərdənsən və uzun illərdi ki, “İnter”in şərəfini qoruyursan. Amma maraqlıdı ki, ən çox maddi problemlərdən də şikayətlənən sənsən. Maraqlıdı, səncə bu, komandada olan digər yeni və gənc futbolçulara da mənfi təsir göstərmirmi? Bu vəziyyətdə ən çox sən fədəkarlıq etməli deyilsənmi?

 

– Əlbəttə, klubda xadiməçidən tutmuş aşpaza, prezidentə kimi hamını tanıyıram. Bunu mən, Səlahət deməliyik. Çünki komandaya yeni gəlmiş futbolçulara da başa salırıq ki, bu sizə aid olmayan bir şeydlərdi, sadəcə, futbolunuzu oynayın, meydançadan kənarda biz çalışacağıq.

 

– Maraqlıdı ki, heç yeni futbolçular çox şikayətlənmir. Əsasən, sən və Səlahət Ağayev şikayətlənirsiniz…

 

– Çünki biz bilirik axı bu komandada nə pullar, nə imkanlar olub. Hazırda aldığımız maaş “İnter”in tarixində olmamışdı. Ona görə də biz müəyyən insanlara səslənmək istəyirik. Mənə komandanın rəhbərinin kim olacağı maraqlı deyil. Əsas komandanın məhv olmamasıdı. “İnter” dağılmağı vallah Azərbaycan futboluna ziyandı. Bu gün biz digər klublarla başabaş mübarizə aparırıq. Hətta yeri gələndə bəzən üstələyirik də. Azərbaycan çempionatından “İnter”i çıxsaq, yerdə heç nə qalmaz. Başqa hansı ölkədə belə maddi durumda olan klub 2-ci yerdə gedir?

 

– 1-2 komandanı çıxsaq, digərlərinin maddi durumu “İnter”dəkindən də betər gündədi…

 

– Maddi durumu zəif olan klublarımız var. Amma bu gün müzakirə edəndə nəticəni ortaya çıxardıqda görürük ki, biz 2-ci pillədəyik, amma digər klublar axırıncı yerlərdədilər. Belə olan təqdirdə də sponsorlar seçim etmək istyəndə də, 2-ci yerdə olana üstünlük verəcək. Hansısa komandanın, futbolçunun bizdən zəif olduğunu deyə bilmərəm. Sabah onların yerində mən də ola bilərəm. Bu gün “İnter” normal futbol oynayır, mübarziə aparır. Ona görə də mən bu nöqteyi nəzərdən sözümü deyirəm. Bütün komandalara hörmətim var. Əksər klublarda futbolçular var ki, uşaq vaxtından bir yerdə çıxış etmişik. Pis, yaxşı günlər keçirmişik. Amma bu gün “İnter” 2-ci yerdədi. Biz yaxşı tərəfdən köməkliyə layiqik. Həmçinin, də digər klublar. “Rəvan” “Neftçi”ni, “Zirə”ni məğlub edir. Deməli orada hansısa motivasiya çatmır ki, daha da yuxarılara qalxa bilsin. Ola bilər qıraqdan elə görünsün ki, bu gün AZAL-ı asanlıqla məğlub etdik, belə deyil. Rəqib futbol oynamağa imkan vermirdi. Bu da baş məşqçinin qurduğu taktikadı. “Xəzər Lənkəran”nın vəziyyətinə baxanda adam pis olur. Mən bu klubun şərəfini 1 il qorumuş, tribunalarda boş yer görmürdüm. İndi oyunlara 2000 azarkeş gəlir. Bu çox acınaqlı durumdu. 17-18 yaşımda Lənkərana matçlara gedəndə məni ağlamaq tuturdu. Amma indi evdə uduzurlar. Bunlar hamısı Azərbaycan futboluna ziyandı. Ona görə də bütn sponsorlara səslənmək istəyirəm ki, Azərbaycan futbolu sizin əlinizdədi. Pulsuz-parasız heç nəyə nail ola bilməyəcəyik.

 

– Qışda müqavilən başa çatacaq. Yeni sazişə imza atmaq fikrin varmı?

 

– İndi müəyyən danışıqlar var. Ondan sonra isə dekabrın sonunu gözləməliyik.

 

– Əgər “İnter”in maddi durumu bu vəziyyətdə qalsa hansı seçimi edəcəksən?


– Belə olan təqdirdə başqa klubdan bundan yaxşı təklif olsa, yəqin ki, gedəcəm. Bunu hər futbolçu edər. Təkliflər var idi, Səlahətlə düşündük ki, dekabrdan sonra vəziyyət düzələcək. Əgər dəyişiklik olmasa karyeramızı düşünməyə məcburuq. 

 

– Yalnız maddi durumu “İnter”dən yaxşı olan klubdan təklif olsa komandadan ayrılacaqsan?

 

– Əlbəttə, təklif edən komanda bu vəziyyətdə olsa ayrılmağın nə mənası var. Belə bir məsəl var, “kənddə birinci olmaq, şəhərdə axırıncı olmaqdan yaxşıdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43