26 Dekabr 2024
Ölkə futbolu

“Futbolumuzun vicdanlı insanların əlinə keçməsi üçün dua edirəm” – Nurlan Novruzov

Azərbaycan II Liqası təmsilçisi “Hypers Guba”da çıxış edən Nurlan Novruzov İdmanxeber.az saytına müshaibə verib. Millimizin sabiq üzvü komandasının hədəflərindən və ölkə futbolunun hazırkı durumundan söz açıb.

Bir dönəm böyük ümidlər bəslənən Novruzov karyerasının niyə daha yüksək səviyyədə olmamasından da danışıb. 

– “Hypers Guba”da işlərin necə gedir? Klubda hədəflər nədir?

İşlər pis deyil. Ara-sıra axsamalar olur. Ancaq buna baxmayaraq, hər şey qaydasındadı. Hədəfimiz I Liqadır. Buna məqsədlə oynayırıq.  Bu səviyyədə komandamız olduğuna inanıram. 

– Heç bir azərbaycanlı futbolçunun gəzmədiyi qədər çox ölkədə olmusan. II Liqa hansı ölkənin çempionatına bənzəyir?

Açığı, oynadığım heç bir liqaya bənzəmir (gülür). Bu çempionatın öz qaydaları var. Biz öz məqsədimizi köklənmişik. Çempionatda güclü rəqiblərimiz var. Sona qədər şanslarımızdan istifadə edəcəyik.

– Biz yenə ölkəxaricinə gedəcəyini düşünürdük…

Elə mən də o cür düşünürdüm (gülür). Sonra Vüqar Nadirovla görüşüb söhbət etdik. Belə bir qərar verdim. Onunla bərabər futbol oynamışam, meydandan kənarda da həmişə mənə qardaşlıq edib. Məşqçi kimi də uğurlu olacağına inanıram. Hirslidi, nə istədiyini yaxşı bilir. Onunla ciddi nəticələr qazana biləcəyimizə inanıram. Bu səbəbdən də Vüqar Nadridovun olduğu komandanı seçdim.

– Nurlan, çox ölkələrdə futbol oynamısan. Sənin üçün ən çətini və ya unutmadığın hansı olub?

Əslində hamısı çətin olur. Hansı ölkə olmasına baxmayaraq, futbol oynamaq asan deyil. Hər çempionatın öz səviyyəsi var. Amma ən unutmadığım günlər Estoniyada oldu. Pandemiya vaxtı idi. Koronavirus adlı bir xəstəlik yayıldı (gülür). Çempionat dayandı, qadağalar qoyuldu. Tanımadığın bir ölkədə nə futbol oynaya bilərsən, nə küçəyə çıxaya bilirsən. Çox çətin idi. Maraqlı və adrenalinli günlər idi. O anları bir daha yaşamaq istəmərəm. 

– Nurlan Novruzov Azərbaycan futboluna bomba kimi düşmüşdü. Gənc yaşlarında milliyə dəvət aldın. Hər kəs səndən möhtəşəm gələcək, daha uğurlu karyera gözləyirdi. Həmin dönəmləri necə xatırlayırsan?

Əvvəlcə onu deyim ki, əlimdə imkan olsaydı, bütün istedadlı uşaqların önünü kəsən insanları futboldan uzaqlaşdırardım. Onları futboldan uzaq sahəyə atardım. Öz karyeramdan danışsam, erkən parlamaq gözəldi. Bunun heç bir mənfi tərəfi yoxdu. Mənim elə ciddi səhvlərim də olmayıb. İnsanıq, hamı da müəyyən səhvlər ola bilər. Oynadığım komandalarda həmişə seçilmişəm, əsas heyət üzvü olmuşam, heç bir məşqçi ilə problem yaşamamışam. Amma nədənsə məni həmişə elə göstəriblər. Adımı problemli oyunçu kimi çıxarmışdılar.

– Kimlər?

Ad çəkməyin nə mənası olacaq? Əsas məsələ futbolumuzda peşəkar insanların sayı azdı. Peşəkarlar problemləri həll edir, digərləri isə heç nədən problem yaradır. Ona görə də ölkə futbolu illərdi inkişaf tərəfə gedib çıxa bilmir. Ümumiyyətlə, Azərbaycanda nəinki futbolun, heç nəyin sabahı bəlli deyil. Futbolumuzun vicdanlı insanların əlinə keçməsi üçün dua edirəm. Heç olmasa yeni gələn gənc nəsil əziyyət çəkməsin. Yeni nurlanlar gələndə onların yolunu bağlayanlar olmasın. Şans onların yanında olsun.

– Yetriməsi olduğun “Bakı” klubu da, akademiyası da artıq yoxdur. Bu necə təsir edir sənə?

Bazanı o halda görəndə adamın içi parçalanır. Bəli, bu gün orada binalar tikilib, yaxşı yollar salınıb. Amma nə olsun? Bəs o bazadan yetişəcək futbolçular, onların gələcəyi necə oldu? Bəlkə də elə oradan yetişəcək oyunçular Azərbaycan futbolunu çiyinlərində daşıyacaqdı, Avropaya çıxacaqdı. Amma bunu düşünən olmadı. Futbolçu yetişdirmək əvəzinə bina tikməyə üstünlük verdik. Bu gün də “Bakı”nın yetirmələrini Premyer Liqa klublarında görürük. O akademiya qalsaydı, bəlkə indi hansı səviyyədə oyunçular üzə çıxardı. Çox heyif. Ona görə deyirəm ki, futbolumuz vicdanlı insanların əlində olmalıdı.

– Millinin oyunlarını izləyirsən? Yığmamız 4 oyundan sonra Millətlər Liqasında xal qazana bilməyib. Səncə, niyə?

Ümumiyyətlə, son 10-15 ildə eyni yerdəyik. Nəticələr ürək açan deyil. Yığmada milli ruh çox önəmlidi. Məncə, artıq bəzi şeyləri dəyişmək lazımdı. Millidə ürəyi yananlara, özümüzünkilərə üstünlük verməliyik. Söhbət milli ruhu hiss edənlərdən gedir. Bundan sonra nəticələr də, digər şeylər də qaydasına düşəcək.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43