Kateqoriyasız

Gəl, ey “Sabah”…

Hər fürsətdə gələcəyə və gənclərə önəm verirmiş kimi görünən “Sabah”ın ən əsas problemi  qalmaqdadır. Gənclərin önünün açmaqla öyünən bu komanda hələ də 36 yaşlı Deviçin ayağından asılı vəziyyətdə qalıb. Fasilədən öncə 3-4 oyun zədə səbəbindən meydanda çıxa bilməyən ukraynalının bu komanda üçün nə qədər vacib olduğu açıq şəkildə görünürdü. Hətta Deviçsiz uğursuz keçən  oyunların birindən sonra  baş məşqçi Elşad Əhmədov komandanın yaxşı fürsətlər yaxaladığını, lakin oyunçuların səviyyəsinin aşağı olduğu üçün bundan istifadə edə bilmədiyini etiraf etmişdi.  Əhmədov bundan öncə isə mövcud heyətlə istədiyi oyunu oynada bilmədiyindən  şikayətlənmişdi.

Ancaq görünən odur ki, “Sabah” rəhbərliyi Elşad Əhmədovun fikrinə çox da önəm vermir. Artıq qış fasiləsi bitib, çempionat başlayıb. Ancaq “Sabah” hələ də hücumçu almayıb. Bəlkə də almayacaq. Bəlkə də Elşad Əhmədova gözlərini ağardıb bir də belə açıqlamalar verməməyini bildiriblər.  Ancaq klubun rəsmiləri müsahibələr, açıqlamalar verəndə maşallah elə danışırlar ki, elə bilərsən Oksfordu, Harvardı bitiriblər. İki-üç qəliz sözlər əzbərləyib, arxası yaxşı fonda bir şəkil çəkdirib, başlayırlar uzun cümlələr qurmağa. Komanda geridə qalan 16 turda sadəcə 14 qol vura bilib. Hücumçu transferininin nə qədər vacib olduğu ortadadır. Həqiqət isə hücumçu lazım olduğu halda qapıçı transferi olur. Ancaq biz yenə də onların yadına salaq ki, komandaya hücumçu lazımdır. Əgər açıqlamalarınız kimi çalışsaydınız,  komandaya forvard lazım olduğu sizin də yadınızdan çıxmazdı.  Əgər yenə də almasanız “Xoruz banlamasa, sabah açılmır ?” məsəli, çönüb “Deviç olmasa, “Sabah” olmayacaq” olacaq.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43