“Gəncə” basketbol klubunun üzvləri Türkiyənin Gəncədəki Baş Konsulluğunda olublar.
İdmanxeber.az-ın məlumata görə, baş məşqçi Halil Atlı, köməkçisi Rizvan Səfərov, basketbolçular Elşad Şirzadov və Kaan Yıldırımkanlı baş konsul Recep Öztopla görüşüblər.
Səmimi ab-havada keçən görüşdə diplomata klubumuzun cari mövsümdəki hədəfləri və nəticələri barədə məlumat verilib. Heyətin yenidən formalaşdırıldığı, iddialı kollektivin yaradıldığı qeyd olunub. Qarşıya qoyulan ilk məqsədin pley-offa düşmək olduğu deyilib.
Recep Öztop Gəncədə idmanın müxtəlif növlərinin sevildiyini, klubun fəaliyyətini izlədiyini diqqətə çatdırıb. Vaxtilə aktiv şəkildə futbolla məşğul olduğunu vurğulayan baş konsul komandaya çempionatda uğurlar arzulayıb. Diplomat uyğun olduğu vaxtlarda tribunadan “sarı-göylər”ə dəstək vermək üçün oyunlara gələcəyini bildirib.
Görüşün sonunda Recep Öztopa üzərində komanda üzvlərinin imzası olan Kaan Yıldırımkanlının forması hədiyyə edilib.