26 Fevral 2025
İdman

“Gəncə” rəhbərliyinin başı dərddə, azarkeşlər istefa deyir

“Gəncə”də işlər yolunda getmir, azarkeşlər istefa tələb edir

İdmanxeber.az-ın məlumatına görə, qadın voleybolçuların Yüksək Liqasında mövsum öncəsi çıxışına böyük ümidlər bəslənən “Gəncə” hələ ki, gözləntiləri doğrultmur. Halbuki Azərbaycan Voleybol Federasiyası və klubun sponsorları tərəfindən Nizami yurdunda iddialı komandanın yaradılması yönündə məqsədyönlü işlər aparılır.

Gəncə təmsilçisinin ölkənin voleybol xəritəsinə daxil olması, bu idman növünün peşəkar səviyyədə şəhərdə inkişafı üçün hərtərəfli fəaliyyət istiqaməti müəyyənləşdirilib. Bu, olduqca təqdirə layiq haldır.

Və doğrudan da ilk vaxtlar klubun bu strategiyanı həyata keçirmək üçün əmək sərf etdiyi görünürdü. Amma indi görünən o deyil. “Gəncə” təmsil etdiyi şəhərin adına yaraşmayan halda çıxış edir, ortabab kluba da çevrilə bilmir. Məğlubiyyətləri sıralayan klub liderlərdən xeyli geri düşüb.

Vəziyyətin belə davam edəcəyi halda gəncəlilər çempionatın autsayderi olacaq. Bu isə azarkeşlərin kollektivə olan inamını sarsıtmış olacaq. Azarkeşlərdən söz düşmüşkən, klubun son turda doğma divarlar arasında Milli Aviasiya Akademiyasının komandasına uduzması səbrləri daşırıb.

“Gəncə”nin məğlub olaraq turnir cədvəlində 4-cü pilləyə düşməsi fanatların hiddətinə səbəb olub. Klubun oyunun nəticəsi ilə bağlı sosial şəbəkədəki paylaşımına iradlarla dolu şərhlər yazılıb. Azarkeş fikirlərindən bir necəsini oxucuların da diqqətinə çatdırmağı lazım bildik: “Heç bir insan Gəncə adından, nədə o şanlı armadan (simvoldan) üstün deyil. Belə getsə, istefa şüarları səslənəcək”. “Bu oyun Gəncəyə yaraşmır, adımızı biabır edəcəksizsə, komandanı ləğv edin”. “Formanın haqqını verin”. “İstefa özü də bir xidmətdir”. Azarkeşlərin şərhlərindən də göründüyü kimi “Gəncə” rəhbərliyi üçün vəziyyət heç də yaxşı deyil. Kluba yatırılan maliyyə, yaradılan şərait fonunda nəticə yoxdursa, fanatlar haqlıdırlar. “Gəncə” büdcəsinə görə çempionatda üst sıralarda yer alan rəqiblərindən daha imkanlı, təminatlı klubdur. Odur ki, komanda sponsorlar tərəfindən göstərilən diqqət fonunda nəticə verməyə borcludur. Xərclənən pulların qarşılığı verilməlidir. Durumu müsbətə dəyişmək üçün klubu rəhbərliyinin, məşqçilər korpusunun çox vaxtı yoxdu. Çünki azarkeşlər nəticəsizlikdən dolayı olduqca hirsli görünürlər. Ardıcıl məğlubiyyətlər baş məşqçisinin istefasına gətirib çıxara bilər. Bu halda klub rəhbərliyi də yaxasını kənara cəkib hər şeyi məşqçinin üzərinə ata bilməz. Nəticə yoxdursa, ən azı rəsmilər də çalışdırıcı qədər günah sahiblədirlər. Nəticəyə görə azarkeşlər və sponsorlar qarşısında cavab verməlidirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43