“Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində Gəncədə möhtəşəm fləşmob təşkil olunub. Altı min gəncin iştirakı ilə keçirilən bu aksiyada birinci Avropa Oyunlarının loqosu təsvir edilib. Gənclər şəhərin Heydər Əliyev adına baş meydanına toplaşaraq bu idman bayramının sevincini özünəməxsus şəkildə yaşayıblar.
İdmanxeber.com-un “Azərtac”a istinadən verdiyi məlumata görə, “Bakı-2015”in loqosu formasında düzülən gənclər bununla həm də birinci Avropa Oyunları ətrafında birləşdiklərini nümayiş etdiriblər.
Bu aksiya, eyni zamanda, “Ginnesin dünya rekordları”nın komissiyası tərəfindən izlənilib.
Bundan əvvəl 4200 nəfərin iştirakı ilə İraq bayrağının təsviri yaradılmışdı. Bu il aprelin 2-də Bağdadda keçirilən həmin aksiya insanların iştirakı ilə yaradılan ən böyük təsvir kimi “Ginnes dünya rekordları”nın siyahısına düşmüşdü.
Gəncədə 6 min nəfərin “Bakı-2015” birinci Avropa Oyunlarının rəmzini yaratması ilə bu rekord təzələnib. Komissiya hazırda bununla əlaqədar daxil olan müraciətə baxır.