“Çox vacib oyuna çıxırıq. İkinci dəfədir ki, Konfrans Liqasında pley-off mərhələsinə yüksəlmişik. Çox istərdik ki, daha yaxşı nəticə qazanaq. Bunun üçün sabah meydanda hər detala diqqət etməliyik. Bütün oyunçular da buna hazırdır. Qarşımızdakı rəqibin özünəməxsus oyun üslubu var. Çox sürətli oyun sərgiləyirlər. Demək olar ki, 90 dəqiqə meydanda yaxşı pressinq edirlər. Məncə, maraqlı oyun olacaq. Azarkeşləri sevindirmək istəyirik. Bu rəqiblə bəzi risklərə getməliyik. Onlar da belə çıxış edirlər. Çalışıb yaxşı mübarizə aparmalıyıq. Bu, ilk oyundur. Daha diqqətli oynamalıyıq. Qarşıda cavab oyunu var”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Gent” oyunu öncəsi keçirilən mətbuat konfransıda deyib. O, yeni futbolçuların heyətə qoşulması ilə bərabər komandasının tam hazır olmadığını bildirib:
“Qarabağ”ın qarşıdakı zamanlarda daha yaxşı olacağını düşünürəm. Bu gün doğma meydanda oynamağımız üstünlükdür. Məni narahat edəcək elə də ciddi porblemimiz yoxdur. Sadəcə, komanda tam mənim istədiyim kimi hazır deyil. Oyunlar keçdikcə daha yaxşı olacağımızı düşünürəm. Bu, böyük narahatçılıq olmasa da, indikindən güclü olacağıq. Yeni futbolçuların komandaya uyğunlaşdığını demək olar. Ancaq hələ tam hazır deyillər. Əvvəlki günlərə baxmış indi daha sərtbəst davranırlar. Əvvəlki performansları qayıtmalıdır ki, biz istəyən kimi olsun hər şey. Oyunun gedişatına görə kimin oynayacağını bəlirləyəcəyik. Sabah da məşqimiz var, ondan sonra dəqiq qərar verəcəyik”.
Təcrübəli mütəxəssis ilk oyunun Bakıda keçirilməsinin nəticəyə ciddi təsir edəcəyini düşünmədiiyni bildirib: “Bu gün futbol ayrı səviyyə gəlib çatıb. Ev və ya səfər çox da fərq eləmir. Azarkeşlər qarşısında oynamaq həmişə yaxşıdır. Elə olub ki, burada yaxşı nəticə qazanmayıb səfərdə qalib gəlmişik. Bunları bilmək olmur. Bəlkə də evdə oynamaq daha yaxşıdır”.
Qurbanov sabah qapıda kimə şans verəcəyini dəqiqləşdirmədiyini bildirib: “Gent”ə qarşı görüşdə qapıçı mövqeyində Luka Quqeşaşvili də dura bilər, Amin Ramazanov da. Bununla bağlı yekun qərarımı verməmişəm. Dəqiqini oyun anında biləcəksiniz”.