Milli komandamızın AVRO-2024 seçmə mərhələsindəki çıxışı böyük müzakirələrə səbəb olub. Komandamızın qrup mərhələsində qazandığı 7 xal və son oyunda biabırçı Belçika məğlubiyyəti bardağı daşıran son damla idi.
Gəldiyi gündən işindən daha çox söz-söhbətlərlə gündəm olan Canni De Byazi Brüsseldə rəsmən iflas etdi. İtaliyalı bacarıqsızlığı bir kənara qalsın, davranışları, əxlaqı ilə də tutduğu vəzifəyə layiq olmadığını göstərdi. Milliyə gəldiyi ilk gündən baş açılmayan oyun üslubu ilə, heyət seçimiylə tənqidlərin hədəfində olan De Byazi artıq ölkəmizlə vidalaşır.
Belçikadakı rüsvayçı nəticədən sonra baş məşqçinin həmyerlisi olan köməkçiləri Azərbaycana qayıtmamışdı. “Qoca” isə hər şeyə rəğmən, təyyarədə öz yerində idi. Ancaq yerində olması vəzifəsində qalacağı mənasını vermədi.
Saytımıza daxil olan məlumata görə, italiyalı çalışdırıcı Azərbaycana əşyalarını toplamaq üçün qayıdıb. AFFA rəhbərliyi milli komandanın uğursuz çıxışı və Canni De Byazinin son oyundan sonra mətbuat konfransında jurnalistlərə kobud ifadələr işlətməsini bağışlamayıb. Onunla yolların ayrılmasına qərar verib.
İdmanxeber.az