17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov affa.az saytına müsahibə verib.
– Dekabrın 18-dən təlim-məşq toplanışındasınız. Hazırlıq prosesi necə gedir?
– Toplanışa 24 futbolçu dəvət etmişdik. Sonradan müxtəlif səbəblərdən heyətdə müəyyən dəyişikliklər etməli olduq. Dekabrın 25-ə qədər olan müddətdə məqsədimiz namizəd futbolçuları yoxlamaq, eyni zamanda Məşqçilər Komitəsinin təklifi ilə təşkil edilən mini-turnirdə iştirak etmək idi. Oyunlardan sonra Sankt-Peterburqa, Valentin Qranatkinin xatirə turnirinə aparacağımız futbolçuların siyahısını müəyyənləşdirməli idik. Hazırlığın birinci mərhələsində oyunu və hazırlığı bizi qane etməyən futbolçuları klublarına yola saldıq.
– Hazırlığın müddətini daha 5 gün uzatmağınızın səbəbi nədir?
– Dekabrın 25-dən 30-a qədər olan müddət sırf turnirə hazırlıq məqsədi daşıyır. Yarışa kimləri aparacağıqsa, onlara əlavə məşqlər keçirmək üçün bu addımı atdıq.
– Toplanış müddətində U-18 və U-20 ilə yoxlama oyunları keçirdiniz. Hər iki oyunu ayrı-ayrılıqda necə dəyərləndirərdiniz?
– İstər U-18, istərsə də U-20 ilə oyunlara tam heyətlə çıxa bilmədik. Əvvəla, xarici klublarda çıxış edən futbolçularımızı toplanışa dəvət etməmişdik. Çünki orada çempionat davam edir. Bundan başqa, müdafiə xəttində yer alan futbolçularımızdan 1-2 nəfəri zədəli olduğundan, onları da meydana buraxmağa ehtiyat etdik. Ümumi götürdükdə, hər iki oyunda müsbət və mənfi məqamlar oldu. Müdafiə xəttində problemlərimizin olduğunu gördüm. U-18-i udmağımız, U-20 ilə heç-heçə etməyimiz bu komandalardan üstün olmağımız anlamına gəlməməlidir. Hər iki komanda yenidir və ilk dəfə bir yerə yığılmışdı. Buna görə də hazırlıqsız idilər.
– Hər iki oyunu Məşqçilər Komitəsinin üzvləri də izlədilər. Onların hansısa tövsiyəsi oldumu?
– Əlbəttə, oyunlardan sonra komitə üzvləri ilə görüşlərimiz oldu, fikir mübadiləsi apardıq. Komandanı gücləndirmək üçün hansı işlərin görülməsinin vacibliyi bildirildi. Seleksiya işlərini gücləndirəcəyik. Qarşıda 5 ay vaxtımız qalıb. Düzdür, bu müddət məşqçi üçün komandanı komplektləşdirmək, futbolçuların səviyyəsini qaldırmaq baxımından çox azdır. Artıq komandanın özəyi qurulub. Ola bilsin, 1-2 futbolçu dəvət edək.
– Gələn il U-17 üçün ilk ciddi sınaq Valentin Qranatkinin xatirəsinə təşkil ediləcək beynəlxalq turnir olacaq. Artıq rəqiblər məlumdur. Yığmamızın yer aldığı qrupla bağlı nə deyə bilərsiniz?
– Latviya millisi haqda geniş məlumatım yoxdur. Onların ötənilki oyunlarına baxmışıq, komanda qrup mərhələsini adlaya bilməmişdi. Amma Sloveniya yığması haqda xoş sözlər söyləmək olar. Latviyadan fərqli olaraq, Sloveniya yığması Avropa çempionatının final mərhələsinə qədər irəliləməyi bacarıb. Üstəlik, onlar qrup mərhələsində Türkiyə millisini 5:0 hesabı ilə məğlub etmişdi. Bolqarıstana gəldikdə, onlar ötən il Bakıda keçirilən “Caspian Cup” turnirində mübarizə aparıb. Mayda isə ölkələrində keçirilən U-17 Avropa çempionatının final mərhələsində çıxış ediblər. Yəni qrupumuzda yer alan komandalardan ikisi artıq Avropa çempionatının final mərhələsində güclərini sınayıb. Məşqçi kimi güclü rəqiblərlə qarşılaşmağın tərəfdarıyam. Çünki belə oyunların komandaya ancaq faydası olur. Hər oyuna maksimum nəticə əldə etmək üçün çıxacağıq. Komandamızın gücünü müəyyənləşdirməliyik.
– Turnirdə futbolçularımız yaşca özlərindən böyüklərə qarşı mübarizə aparacaqlar. Bu sizi narahat etmir?
– Əslində, böyüklərlə oynamağı özüm də istəyirəm. Əvvəla, belə oyunların sürəti yüksək, təkbətək mübarizələr isə daha sərt olur. Bu turnirdə iştirak bizim üçün vacibdir. Çünki U-17 gələn ilin mayında Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək. Bakıya gələcək komandaların səviyyəsi ən azı Sankt-Peterburqda iştirak edəcək yığmalara bərabər olacaq. Çünki gələn komandalar həm fiziki, həm də taktiki-texniki çəhətdən güclü olurlar. Biz də həmin çempionatda yaxşı çıxış etmək üçün bu cür turnirlərə qartılmalı, gücümüzü yoxlamalıyıq. Turnirdən sonra komandanın mənfi və müsbət cəhətləri üzə çıxacaq. Təbii ki, həlledici mərhələyə qədər zəif mövqelərimizi gücləndirməyə çalışacağıq.
– İlin sonu olduğundan əskər futbolçular istirahət haqda düşünürlər. Belə məqamda onları məşqlərə kökləmək çətin olmur?
– Çətinlik var. Çempionatın sonudur, uşaqlarda yorğunluq hiss olunur. Bəzi futbolçular Premyer Liqa oyunlarında iştirak edirlər. Bütün bunları nəzərə alıb, məşq proqramını elə qururuq ki, onlar yüngül məşqlərlə bərpa olunsunlar. Təbii ki, iştirak edəcəyimiz turnirin mahiyyətini anlayır və futbolçulardan maksimum dərəcədə motivasiya olmalarını istəyirik.
– Zədə və digər səbəblərdən turnirə apara bilməyəcəyiniz futbolçular varmı?
– Əfsuslar olsun ki, zədədən qaça bilmədik. Məhəmməd Hüseynov və Ümid Dərrahı zədə üzündən yarışa apara bilməyəcəyik. Komandanın kapitanı Elçin Əsədovun zədəsi davam edir. Onu yoxlama oyunlarında da meydana buraxmadıq. Həkimlər çalışır ki, Sankt-Peterburqa yollanana qədər futbolçunun zədəsini sağaltsınlar.
– Toplanış müddətində sizi sevindirən məqamlar hansılar oldu?
– Təbii ki, problemlər var, amma bu haqda çox danışmaq istəmirəm. Toplanış müddətində futbolçuların hazırlıq səviyyəsini yoxladıq, rəqabətə davam gətirməyənləri klublarına yola saldıq. Sevindirici məqam isə Almaniyanın “Leipziq” klubundan dəvət etdiyimiz Murad Mahmudovun çıxışı oldu. O, 2000-ci il təvəllüdlü olsa da, oyunu xoş təəssürat bağışladı. Sanki komandada çoxdandır çıxış edir. Mini-turnirdəki çıxışımız da məni sevindirən məqamlardandır. Uşaqlar yaxşı oynadılar, mübarizə apardılar. Təəssüfləndiyimiz məqam isə zədə üzündən bəzi futbolçuları turnirə apara bilməməyimizdir.