05 Noyabr 2024
İdman

Güləş yığmamız Avropa Oyunlarında bu heyətlə iştirak edəcək

İyunun 25-dən 30-dək Belarusun paytaxtı Minskdə II Avropa Oyunları keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, bu gün sərbəst və güləş yığmalarımızın mətbuat üçün açıq məşqi baş tutub. Olimpiya Güləş Mərkəzində gerçəkləşən hazırlıq prosesinin yekununda Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev yarışda iştirak edəcək güləşçilərə uğurlar arzuladıqdan sonra heyəti açıqlayıb.

Sərbəst güləş yarışında baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Aleksandr Qostiyev (86 kq) və Camaləddin Məhəmmədov (125 kq) çıxış edəcək.

Qadınların mübarizəsində ölkəmizi 5 güləşçi təmsil edəcək. Baş məşqçi Aslan Ağayev və böyük məşqçi Rövşən Umudovun tapşırıqlarını Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) icra edəcək.

Yunan-Roma güləşçilərimizin də sayı bu qədərdir. Baş məşqçi Şaban Donat və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Sakit Quliyev (60 kq), Kərim Cəfərov (67 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) Minskdə uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, II Avropa Oyunlarında beynəlxalq dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43