Bu gün tanınmış Yunan-Roma güləşçisi, Azərbaycan Respublikasının əməkdar idman ustası və əməkdar məşqçisi İlham Umayevin 60 yaşı tamam olur.
İdmanxeber.az xəbər verir ki, ötən əsrin 80-ci illərində Azərbaycan idmanının parlaq simalarından biri olan İlham Umayev 1962-ci il yanvarın 14-də dünyaya gəlib.
O, 1972-ci ildən Bakının Bakıxanov qəsəbəsindəki idman təmayüllü internat məktəbində güləşlə məşğul olmağa başlayıb, fərdi məşqçisi respublikamızın əməkdar məşqçisi İqdam Ələkbərov olub.
1980-ci ilin avqustunda karyerasının ən böyük uğuruna imza ataraq Türkiyənin Bursa şəhərində keçirilən Avropa birinciliyində qızıl medal qazanıb.
Beynəlxalq uğurlarına görə 1980-ci ildə – 18 yaşında SSRİ-nin beynəlxalq dərəcəli idman ustası adına layiq görülüb.
1982-ci ildə isə Belarusda keçirilən Gənclərin Ümumittifaq İdman Oyunlarında Azərbaycanın şərəfini layiqincə qoruyaraq Yunan-Roma güləşində çempionluq sevinci yaşayıb.
Əsasən 48 kq çəki dərəcəsində yarışan və Bakının “Dinamo” cəmiyyətini təmsil edən İlham Umayev, ümumiyyətlə, ötən əsrin 70-80-ci illərində müxtəlif yaş qruplarında Yunan-Roma güləşi üzrə dəfələrlə SSRİ çempionu olub. O, həmçinin böyüklər arasında ümumittifaq və beynəlxalq yarışların, o cümlədən 1985-ci ildə İsveçdə keçirilən Dünya kubokunun, İvan Poddubnının xatirəsinə həsr olunmuş turnirlərin qalibi və mükafatçısı, Azərbaycan və SSRİ güləş yığmalarının üzvü olub.
80-ci illərin əvvəllərində ilin yekunlarına əsasən, Azərbaycanın ən yaxşı idmançıları siyahısında yer alıb.
“Güləşmək istəyirəm, ata” (1997) kitabında İlham Umayev güləşçi kimi belə xarakterizə olunur: “Güləş xalçası üzərində sürət və mükəmməl texnika İlhamı yaşıdlarından fərqləndirirdi. O, fəndləri bir göz qırpımında elə sürətlə işlədirdi ki, ən adlı-sanlı rəqibləri belə müdafiə olunmağa macal tapa bilmirdilər”.
O, həmçinin Birinci Qarabağ müharibəsinin veteranıdır.
Tanınmış güləşçi İlham Umayevi yubileyi münasibətilə təbrik edir, sağlam həyat arzulayırıq.