20 Oktyabr 2024
Ölkə futbolu

Gülağa Cabbarovdan təcrübəsinə yaraşmayan davranış

Dünən Azərbaycan II Liqasında “Ağdaş” doğma meydanda “Hypers Guba”ya məğlub olub – 0:3. Bu gün iki komanda arasında ciddi maliyyə fərqi var. Bu səbəbdən də nəticənin belə olacağını təxmin etmək o qədər çətin deyildi. Yəni Ağdaş təmsilçisinin Quba klubuna məğlub olması faciə yox, gözləniləndir.

Oyunun bəlli bölümlərində hakimliklə bağlı ciddi narazılıq da oldu. Referi Murad Səlimovun qərarları xüsusən də ev sahibi komandanı özündən çıxardı. “Ağdaş”ın qapısına təyin edilən penalti, daha sonra rəqibin vurduğu ikinci qoldan öncə foul olub-olmaması ciddi narazılıq yaratdı. Amma dərdim nə hakimlikdir, nə də rəqibin qələbəsinə kölgə salmaq.

Oyunun ardından üzücü bir hadisəyə şahidlik etdim. “Ağdaş”ın baş məşqçisi Ruslan Hacıyev görüşün hakim-inspektoru Gülağa Cabbarova çox normal şəkildə iradını bildirir – daha doğrusu dərdini danışırdı. Ola bilər səhv deyir, ola bilər oyunun emosiyası ilə qərarlara düzgün yanaşmır və.s. Hamısı mümkündü. Amma Gülağa Cabbarovun hər kəsin içində baş məşqçiyə saymazyana və xoş olmayan tərzdə “get, işinlə məşğul ol” deməyini qəbul etmək olmur.

Ruslan Hacıyev polis deyil asayişi qorusun, həkim deyil xəstəyə baxsın. Elə onun işi budur da. Komandasına haqsızlıq olduğunu düşünür, bir-iki cümlə ilə iradını bildirir. Olmaz? Təhqir etmir, söyüş söymür. Yəni onu dinləyib bir-iki şablon cümlə ilə cavab versə, Cabbarovun xəncərinin qaşı düşəcək? Nəyin təkəbbürlüyü, çox bilmişliyidir bu?

Cabbarovun təmsil etdiyi sahənin günü göz önündə, əgər özü bilirsə, qiymət verəcəyi hakimləri də biabırçı. Bəs niyə özünü belə aparır? Hansı gününə kimisə bəyənmir? Onun bu yaşdakı belə davranışı kənardan çox eybəcər göründü. Axı keyfiyyət, səviyyə insana hər yaşda lazımdı. “Nə vaxtsa belə olub”, “elə olub” söhbətləri də nağıldı.

69 yaşında illərdir bu sahədə olan, yetərincə təcrübə toplamış bir futbol adamın qarşısındakı gənc mütəxəssisə qarşı bu cür rəftar etməsi onun ağsaqqalığına, ziyalılığına zərbə vurar. Ola bilsin ki, Gülağa Cabbarov bunları unudub. Ona görə də xatırlatmaq istədim.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43