27 Dekabr 2024
Müsahibə

Güloğlan Cabbarov: “İstəsəm, elə adamlara deyərdim, Lənkəranda…” – MÜSAHİBƏ

Güloğlan Cabbarov – futbolda elə çox vaxt funksionerlik eləməmiş, ancaq uzun müddət müzakirələrə səbəb olmuş, bir az da təzadlı persona kimi görünürdü… Bu təzadı özümə çözməkçün “hacı”yla geniş söhbət eləməli oldum. Müsahibəyə saldığım bu söhbətdə nə qədər diqqətlə müşahidə eləsəm də sünilik hiss eləmədim – dünya və Avropa çempionu olmuş və bu aləmdə kifayət qədər nüfuzu olmasına baxmayaraq sadə, təvazökar şəxsdi…

“Neftçi” – “Xəzər Lənkəran” arasındakı son ölkə kubokunun finalındakı  məlum, məşum hadisədə təqsirkar olan Cabbarov xeyli qınandı. Elə “FutbolPress”in bu hadisəyə ən radikal mövqelərdən birini göstərməsi, meydançada yumruq atmağın heç bir çərçivəyə sığmadığını göstərməsi oxucularımızın xatirindədi.

Cabbarovla geniş söhbətləşməyə, müəyyən məqamlara ətraflı aydınlıq gətirməyə ehtiyac vardı və bu müsahibə də həmin zərurətdən yarandı.

Nə işlə məşğulsuz?

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidentiyəm, bu idman növündə baş hakiməm, bir də şəxsi biznesim var, yəni iş-güc, başım qarışıqdı, çox məşğulam.

Yəqin bilirsiz, “Xəzər Lənkəran”lı azarkeşlər də sizin finaldakı hərəkətlərinizi pisləməklə məşğuldu, onların komandasına, gənc futbolçusuna qarşı kobudluğunuz əsəblərini tarıma çəkib…

Bu mövzu mənim yaralı yerimdi. Bu haqda çox danışmışam, çox izah vermişəm. Ancaq niyəsə yenə məni yanlış anlayırlar. Siz də bilirsiz ki, mən o hadisədən sonra “Xəzər Lənkəran” azarkeşləri başda olmaqla, bütün futbol tərəfdarlarından üzr istəmişdim. Düzdü, tək bir üzrlə əsəbləri gərgin olanlar sakitləşməzdi, zamana ehtiyac var ən azından və bunu çox yaxşı başa düşürəm. Ancaq hadisənin üstündən kifayət qədər keçib və bu haqda xeyli yazılıb, danışılıb. Məncə, artıq narazı azarkeşlər mövzunun nədən ibarət olduğunu tam görüblər və inşallah ki anlayarlar. 

Getdikcə əvvəlkitək aqressiya olmur,  görünür, açıqlamalarınızdan sonra sizə qarşı radikallıq azalıb, ancaq bu, yetərli məlhəm deyil…

Bilirsiz, biz azərbaycanlıyıq, öz adət-ənənələrimiz, ailə mədəniyyətimiz, hətta küçə mədəniyyətimiz var. Sizə aid olmasın, bu məsələni qabardanların çoxu bilmir axı alov hardan və necə alışdı. Orda elə bir təhqir oldu ki, inanın, özümü heç cür saxlaya bilmədim. Hamı gördü, mən əvvəlcə ayırırdım, sakitləşdirirdim, birdən elə sözlər eşitdim, onun qarşısında inanmıram kimsə səbrini axıra qədər qoruyardı.

Amma siz bir klub rəsmisi kimi idiz hadisə yerində, bunu niyə unutmuşduz?

Qətiyyən, mən bunu bəraət kimi demirəm, əksinə… Sadəcə, səbəbin kiçik olmadığını bildirmək istəyirəm. Məncə, bu fikirləri oxuyan hər bir azərbaycanlı oğlu  mənim nə demək istədiyimi bilər. Hətta  hadisədən dərhal sonra özümü sakitləşdirməyə çalışdım və getdim o futbolçudan, “Xəzər Lənkəran”dan kim qarşıma çıxdısa, hərəkətimə görə üzr istədim. Mətbuat vasitəsilə də üzr istədim. Gərək olmazdı, çox pis hərəkət idi. O kadrları   ailəm, valideyinlərim də görsə, əlbəttə ki, heç cür doğru çıxmazdı. Mən hər bir xırda detalı belə nəzərə alaraq dəfələrlə üzr istədim bu hadisəyə görə.

Bildiyimə görə, həmin ərəfələrdə Lənkəran ictimaiyyətinin hörmətli şəxsləriylə söhbətləriniz olub, öz təşəbbüsünüzlə onlara da bu məsələni anlayışla qarşılamalarını xahiş eləmisiz…

Bəli, olub. Bilirsiz niyə? Çünki mənim ən çox dostum bəlkə də o bölgədədi. Özü də ən yuxarı səviyyədə dostlarımız var Lənkəranda. Orda elə oğlanlar var ki, adam canından keçər. Mən gördüm bu hadisə çox şişdi, dedim yanlış anlaşılaram, bu heç doğru çıxmaz. Təbii ki, dostlar, qardaşlar hər şeyi gözəl bilmişdilər. Hamısı da anladılar, dəstək oldular və bu mənə mənəvi sakitlik verdi. Mən “Neftçi”yə Sadıq Sadıqovun dəvəti ilə gəlmişdim və çalışırdım idarəçilikdə qazandığım təcrübəmdən nə də olsa klub üçün edim. Gəlməmişdim ki, onların başını bəlaya salım, qalmaqallar yaransın. Arzulanmadan olan bir hadisəydi və ümid edirəm ki, artıq buna görə mənə qarşı kini olan yoxdu. Kiminsə kini qalıbsa, mən həmin azarkeşlərdən şəxsən burdan, sizin vasitənizlə üzr istəyirəm. İstəmirəm səhv başa düşülüm, çünki sənin xarakterin, xasiyyətin,  mədəniyyətin elə olmaya, ancaq o cür, yəni olduğunun əksi kimi tanınasan – bundan pis şey yoxdu həyatda.

Hətta..? Yaxşı, inanırsızmı bundan sonra sizə qarşı o aqressiya tamam itəcək?

Əlbəttə, inanıram. Mənim, bayaq dediyim kimi, Lənkəranda çox sayda dostum var, hələ bizim federasiyanın  orada Kikboksinq bölməsi də fəaliyyət göstərir, əlaqələrimiz hər səviyyədə sıxdır. İstəsəm, elə adamlara deyərdim, Lənkəranda bu hadisə tamam unudulardı. Ancaq yox, qətiyyən. Qoy narazı qalan, acığı gələn, əcsəbləşən hər bir azarkeş  vaxt keçdikcə özü görsün, şahidi olsun, ya nə bilim, hansı formada deyim, yəni sırf gözləriylə şahidi olsun, səmimi inansın, qərarı müstəqil versin… Yoxsa kiməsə deməklə deyil, əsas daxilən başa düşmək, qəbul eləmək və anlamaqdır. İnanıram ki, gənclər, o azarkeşlər hadisənin arzulanmadan, anidən yaşandığını qəbul eləyərlər. Hələ mənim müəllimim Elşən Əbdürrəhmanov  Portdandır (Lənkəranın hazırda Liman adlanan qəsəbəsi). Çox yaxın dostuq. Buyaxınlarda rəhbərliyimlə federasiyadan, o da daxil olmaqla, veteran kikboksçuların dünya çempionatına getdik və o da medalla qayıtdı. Yəni deməyim odu ki, ən yaxın adamlar, dostlar, tanışlar Lənkərandandı, cənub bölgəsindəndi. Biz Allaha inanan, imanlı şəxslərik, əlimizdən xəta çıxanda üzrü, tövbəni və bağışlamağı bacarmalıyıq.

Açığı, bu qədər səmimi bilmirdim sizi.. hər halda idman aləmində dünya, Arvopa çempionu olmuş, nüfuzu böyük olan, ancaq həm də təvazökarlığıyla çox az şəxs tanıyırıq. Hələ kimsə səhvini boynuna alıb, dönə-dönə üzr istəyə və s. Hər halda, yenidən futbola qayıtmaq ehtimalınız haqda xəbərlər dolaşır. Bəlkə onda reallıqda şahidi olarıq…

Yox, o xəbərlər doğru deyil. Futbola qayıtmaq istəmirəm. O vaxt da Sadıq müəllimə görə, onun dəvətiylə gəlmişdim. Onunla çox yaxınam, bir ailəyik. Özünə, şəxsiyyətinə hörmətim çoxdur. Mən yalnız nəticə verə biləcəyim  yerə gedirəm. “Neftçi”nin nəticələri də göz qabağındadır. Avropa Liqasının qrup mərhələsinə düşmək hər bir azərbaycanlını sevindirdi. Biz ölkəmiz üçün tarixi nəticənin şahidi olduq. Mənim arzum budu ki, “Qarabağ”, “Xəzər Lənkəran”, “Qəbələ” kimi klublarımız da Avropada uğur qazansın, qrup mərhələsinə düşsün. Vallah, səmimi deyirəm, çempionatımız getdikcə sürətlənir, inkişaf gedir, klublarımız xeyli güclənib. Əgər doğru işlər görülsə, inandırım sizi, qrupa düşmək elə müşkül iş deyil. Sadəcə, bir ailə kimi birləşib, legioner-yerli, fərqi yoxdu, hər bir oyunçu canını qoysa meydançada, o uğuru ürəkdən istəsə, qrupa düşmək mümkündür. O hadisələr hər dəqiqəsinə qədər gözlərimin qabağında olurdu. Mən görürdüm, oyunçular necə əzmkarlıq göstərirdi. Çünki onların ən xırda problemi belə həll edilir o klubda. Sadıq müəllim hər bir legionerə ayrıca diqqət göstərir. Çoxunun ailəsini dəvət eləmişdi bura, onların hər təminatı ilə maraqlanırdı. O oyunçular da bir mənəvi borc hesab eləyirdilər ki, çıxıb meydanda bu diqqətin əvəzini versinlər. Allaha şükür ki, bu nəticə oldu. Hələ daha yaxşıları gələcək, buna inanmaq lazımdı.

Belə başa düşdük ki, “Neftçi”yə qayıtmaq barədə xəbərləri təkzib edirsiz. Bəs Sadıqov şəxsən dəvət eləsə?

Sadıq mənimçün böyük qardaşdı, doğma insandı. Dediyim kimi, dəvət eləsə, hansısa başqa işimi kənara qoyub, mütləq gedərəm. Ancaq görürəm, klubda işlər qaydasındadır. İdarəçilikdə hər şey yaxşıdır. Mənim kikboksinq federasiyasında işlərim kifayət qədər çoxdur. Yenidən Muay Tay Federasiyası ilə tam birləşmişik və müxtəlif layihələr üzərində iş gedir. Bayaq qeyd elədim, əgər hardasa işləyirəmsə, orada mütləq nəticə verməliyəm, yoxsa qalmaram o yerdə. Götürək kikboksinqi. Qeyri-olimpiya növlərində ölkəmizi ən uğurlu təmsil eləyən federasiyalardan biridir. Mənim onlarla tələbəm dünya və Avropa çempionu olub. Biz hər yarışda Azərbaycanın adını çoxsaylı iştirakçı ölkə arasında ən yuxarı yerlərə, zirvələrə qaldırırıq.

Deyirsiz nəticə verməsəm, o yerdə qalmaram. “Neftçi”nin bu mövsüm hansı nəticəsinə ümid edirsiz?

Yenə çempionluq. Düzdür, heyətdə dəyişiliklər olub, ancaq Nazim müəllimin (Nazim Süleymanov – baş məşqçi) qışda heyəti tam formalaşdıracağına inanıram.

Yeri gəlmişkən, “Neftçi”nin ən yaxşı nəticəsinin müəllifi olmuş Böyükağa Haciyev hazırda Sadıq Sadıqovun müşaviri kimi çıxış edir və Nazim Süleymnovdan narazı görünür…

Mənim bu narazılıqdan məlumatım yoxdu. Ancaq Böyükağa Haciyevi yaxşı tanıyıram və bilirəm ki, yalnız “Neftçi”nin uğurunu istəyər.

“Neftçi”nin uğurunu istəməyində problem görünmür, sadəcə, Süleymanova qarşı aqressiyası var sanki. “Neftçi”nin qrup mərhələsində səfərdə keçirdiyi oyunlara Nazim Süleymanovun da gəlməsində şübhəli məqamlar görür…

Yenə deyirəm, bu haqda xəbərsizəm,  bunu indi sizdən eşidirəm.

Yaxşı, səmimi deyəcəyinizə inanıram, siz klubun daxilini bilən azsaylı şəxslərdən idiz, o vaxt, Haciyev baş məşqçi olanda Nazim bəyin bu vəzifəyə gətirilməyi haqda söhbət olub heç?

Sadıq müəlllim hər məsələdə mütləq mənimlə də müzakirə aparırdı. Bir dəfə də olsun, Haciyevin vaxtında kiminsə namizədliyi haqda müzakirə  olmayıb. Bu, dəqiqdir. Bir də Nazim müəllim “Neftçi” ilə milliyə görə gəlirdi, o Fotqsun köməkçisi kimi yerli futbolçuları izləmək üçün göndərilirdi. İndi “Neftçi”ni çalışdırır. Onun futbolçu karyerası çox dəyərlidi, şəxsiyyəti də gözəldir. Hər halda, məşqçi kimi təcrübəsi də bəs eləyir. Nazim müəllim yaxşı bilir ki, çempion olmuş, Avropada nəticə götərmiş komandaya gəlib.

Ancaq Haciyev deyib ki, bu il “Neftçi” çempion olmayacaq…

Niyə? Keçən il komanda liderdən hətta  5 xal geridəydi, Türkiyədəki qış toplanışında lazımlı bütün addımlar atıldı və mövsümün sonuna qədər o xal fərqi aradan qaldırıldı, yenə ölkə çempionu oldu. Bu il də bu uğuru qazanmamaq üçün ciddi səbəb görmürəm. 

Belə deyək, hər nədisə, ortada bir gərginlik, hərarət hiss olunur…

Mümkün deyil. Böyükağa Haciyev sözünün ağası oldu, dedi mən Avropa Liqasında mərhələ keçməsəm, istefa verəcəm. Alınmadı və dediyini elədi. Baxmayaraq ki, göstərdiyi nəticələrə görə istefa verməsəydi, yerində qala da bilərdi. Sadıq müəllim onu buraxmadı Əgər Haciyevin danışdıqları, dediklərinə görə kimlərsə “Neftçi”də gərginliyin olduğunu deyirsə, onda bunun əsaslandırmaq lazımdı. Heç nədən demək boşboğazlıqdır. Yalandan qurdalayıb ortaya nəsə çıxartmaqla deyil ki. Onsuz bu 3-4 ildə “Neftçi”də qruplaşmanın olduğunu, ya buna oxşayan nalayiq söhbətlər o qədər olub ki… Bir klubun daxilində o yazılanlar, deyilənlər qədər gərginlik olsaydı, uğur qazana bilərdi?

Bunu iddia eləyənlərin arqumenti, əsas yoxdusa, açığı, siz də əksini konkret arqumentlərlə demirsiz, şəxsi fikirlərinizi bildirirsiz…

Konkret deyirəm, mən ən xırda müzakirənin də iştirakçısı olmuşam, o klubda heç kəs gizlidə iş çevirə bilməz, bu, sadəcə mümkün deyil – bunu kimlər iddia eləyirsə, sadəcə çaxnaşmanı elə onlar arzulayır.  Klub belə məsələləri qabardanlara qarşı diqqətli olmalıdı, emosional hərəkət eləmək olmaz. “Neftçi”də sistem elə qurulmayıb ki, orada daxili çəkişmə, yaxud nəsə gərginlik yaransın. Orda olduğum müddətdə gördüm də, vitse-prezident Tahir Süleymanov, mətbuatla əlaqəçi Gündüz Abbaszadə, maliyyə şöbəsi, məşqçilər korpusu, bunlar hamısı ayrı sistemlərdir və peşəkarlar idarə eləyir. Haciyev sözünü açıq-aşkar deyəndir, ancaq deyilən sözləri yaxşıya tərəfdə təhlil eləmək olar, bəd tərəfə də yozmaq olar. Hər şey asılıdır o adamın mənliyindən, vicdanından. Mən onu dəqiq deyə bilərəm ki, klubda hansısa gərginlikdən söhbət belə gedə bilməz. Arquentlərimi də bildirdim. Olsaydı, mənim də xəbərim olardı. Hər kəs öz yerindədir və Sadıq Sadıqov bir idarəçi kimi kollektivi idarə eləməyi yaxşı bacarır. Qalır komandanın özünü toparlaması. Bununçün də səbrlə, həminki peşəkarlıqla yanaşmaq lazımdı işə, toplanışda diqqətli olmaq lazımdı. Çempionatda gərgin mübarizə var liderlik uğrunda. Haqq eləyən qazansın.

Zaman göstərər.. Sizə uğurlar. Başqa demək istədiyiniz  var?

Yox. Çox sağ olun, təşəkkür eləyirəm.

Elçin  CƏLİLOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43