“Luka Quqeşaşvilinin gələn gündən “Qarabağ”a heç bir faydası dəyməyib. Məncə, axşamkı görüşdə qapıda Amin Ramazanov olmalıdır. Son matçlarda gənc qolkiperə şans verilməsi onun oynayacağı anlamına gəlir. “Sabah”la görüşdə uğursuz bir qol buraxdı. Amma o da başa düşüləndir, hələ gəncdir. Bu gün hamımız Aminə dəstək olmalıyıq. Bir Amini qazanmağa illərlə vaxt lazımdır. Bunu hər kəs bilsin. Yox etməyə, silməyə nə var ki? Gənc oyunçuya dəstək verək. O da baxsın ki, hamı ona inanır və daha motivasiya ilə oynasın”.
Bu sözləri idmanxeber.az saytına veteran qapıçı Xəyal Zeynalov “Qarabağ” – “Gent” oyunu barədə danışarkən deyib. Hazırda “Sabah” klubunda çalışan sabiq qolkiper Şahruddin Məhəmmədəliyevi komandanın birinci qapıçısı olaraq görür:
“Şahruddinin performansı neçə illərdir müzakirə olunur. Adam çox fədakarlıq edib. Ancaq hərdən elə səhvlər edir ki, gördüyü işlər yaddan çıxır. O, yaxşı oynayanda heç kimin yadına qapıçı düşmdür. Səhv edən kimi isə hamımız yeni qolkiper axtarışına çıxırıq. Qayıdandan sonra klubun yeni qapıçı axtaracağına inanmıram. Bəlkə də bu, Aminin qisməti, taleyidir. Bəlkə də Amin gələcəkdə Şahruddinlə rəqabətə girəcək və komanda yaxşı bir qapıçı qazanacaq. Qurban Qurbanov peşəkar bir mütəxəssisdir. Bütün bunları analiz edib qərar verəcək. Düzdür, Premyer Liqa oyunlarında bəzən “Qarabağ”a heç qapıçı lazım olmur. Ancaq bu, fərqli oyundur”.
Həsən Quluzadə