“Hələ tam hazır deyiləm. Xüsusilə də fiziki planda axsamalar var”.
İdmanxeber.az xəbər verir ki, bunu “Araz-Naxçıvan” klubunun “Sabah”dan icarəyə götürdüyü futbolçusu İldar Alekperov Naxçıvan təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.
Yarımmüdafiəçi “Zirə” ilə yoxlama görüşündə fasilədən sonra meydana çıxdığını xatırladıb:
“Oyundan sonra baş məşqçi ilə də söhbətimiz oldu, fikirlərini dinlədim. Əlbəttə, onun dedikləri çox önəmlidir. Elə etməliyəm ki, çempionatın bərpasına qədər çatışmazlıqları aradan qaldırım”.
Alekperov yeni klubu ilə bağlı ilkin təəssüratlarını da bölüşüb: “Mənə inanaraq komandaya dəvət etdiyinə görə məşqçilər heyətinə təşəkkürümü bildirirəm. Bu mövsüm “Sabah”ın heyətində demək olar oynamırdım, nadir hallarda meydana çıxırdım. Müqavilə ilə məxsus olduğum klub təcrübə qazanmağım üçün icarə əsasında da olsa, özümü oynaya biləcəyim bir komandada sınamaq şansı yaratdı. Artıq bir neçə gündür “Araz-Naxçıvan”ın düşərgəsindəyəm. Təbii ki, yeni komanda və heyət üzvlərinin arasına düşmüşəm və uyğunlaşmaq üçün az da olsa, zaman lazımdır. Uşaqlar yaxşı qarşıladılar, aralarında tanıdıqlarım da var. Atmosfer yaxşıdır, baxıram, hamı oynamaq istəyir, bunun üçün çalışır”.