14 Dekabr 2024
Kateqoriyasız

“Hər bir komanda üzərində qələbə qazanmaq olar” – Rəşad Sadıqov

Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” – “Makkabi” (Təl-Əviv, İsrail) ilk oyunundan öncə keçirilən mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Uzun zamandır, oyuna hazırlaşırıq. Amma bütün hazırlığı bu oyun üzərində qurmamışıq. Bizi qarşıda çox vacib çempionat da gözləyir. Hazırlığımız yaxşı keçib. Komandanın yanaşmasından razıyam. İlk oyundan ideal formada olmağı düşünmək yanlış olar. Sabah kimin daha hazır olması önəmli olacaq. Pozitiv köklənmişik. Meydanda hər şeyin ən yaxşısını etməyə çalışacağıq.

– “Makkabi”nin oyununu yerində izlədiz. Təəssüratlarınız…
– Fürsətdən istifadə edib canlı izləmək istədim. Rəqibdə məşqçi dəyişikliyi olub. Həm də təlim-məşqdən detallı məlumat əldə etmək olmur. Bu səfər çox səmərəli keçdi. “Makkabi”ni daha yaxından tanıdım. Nə qədər yararlı olub-olmayacağını zaman göstərəcək.

– Rəhim Sadıqov hansı mövqedə oynayacaq?
– Hər bir məşqçiyə xoş olar ki, futbolçu 2-3 mövqedə oynaya bilsin. Belədə, sistem dəyişikliyi etmək asandır. Müxtəlif sxemlərdə uğurlu çıxış edir. Onun universallığından istifadə etməyi planlaşdırırıq.

– Rüstəm Əhmədzadənin hazırkı durumu necədir? O da universal hücumçudur…
– Gənc, perspektivli oyunçudur. Onun komandaya xeyrinin dəyməsi və özünün inkişafı üçün bura gəlməsini istədik. Rüstəmin də marağı var idi. “Qarabağ”a transfer olmazdan əvvəl də onu komandamda istəmişdim. Amma menecerləri demişdi ki, Azərbaycanda yalnız “Qarabağ”da oynamaq istəyir. Hücumun 3 mövqeyində oynaya bilir. Daha çox hücumçu kimi istifadə edəcəyik.

– Elə də çox transfer etmədiz. Bu, komandanın sütutunun olması ilə əlaqədardır, yoxsa çatdıra bilmədiz?
– Transferlər avrokubokla əlaqəli deyil. Mövsümlük plan tutmuşuq. Seleksiyamız hələ ki, uğursuz davam edir. Mənim üçün vacib olan əlimizdəki futbolçuların hansı performansda olmasıdır. Bu komanda ilə ötən mövsüm uğurlu çıxış etmişik. Kuboku qazana, medalımızın əyarını daha yaxşı edə bilərdik. Heyəti genişləndirmək istəyirik. Rəqabət çox vacibdir. Kəmiyyət baxımından problem yaşayırıq, amma keyfiyyət cəhətdən narahatlığımız yoxdur. İnşallah, “Makkabi” ilə oyunlarda transferlərin yubanması hiss olunmayacaq.

– Təmkin Xəlilzadə cəzalı olduğu üçün Slavik Alxasovu transfer etdiz?
– Slavik “Sabah”a keçməzdən öncə onu komandamda düşünürdüm. Həmin zaman seçimi başqa oldu. Bəyəndiyim futbolçulardandır. Transferinin Təmkinin cəzalı olması ilə əlaqəsi yoxdur. Müvqelər üzrə iki futbolçu olmasını istəyirik. İndi cinahlarda seçim imkanlarımız daha çoxdur. Cəza, zədə hallarında və ya performans düşəndə bir-birini tamamlaya biləcəklər. Bu, bizim üçün çox vacibdir.

– Sizcə, Rüstəmin “Qarabağ”da potesialını açmasına nə mane oldu? “Zirə”də eyni problemi yaşamayacaq?
– Böyük komandada həmişə problem yaşaya bilərsən. Sadəcə, necə reaksiya verməyin vacibdir. Üzbəüz danışanda pozitiv reaksiya gördüm. Bu əzmkarlıqla davam etsə, heyətə düşməkdə problem yaşamayacaq və “Qarabağ”da da uğurlu ola bilər.

– Mərhələ keçsəz, çempionat oyunlarının təxirə salınmasını istəyəcəksiz? “Qarabağ” bu praktikadan istifadə edib…
– Son illər “Qarabağ” bunu minimuma endirib. Əslində, mən təxirəsalınmanın tərəfdarı deyiləm. “Makkabi”ni keçsək, bu barədə düşünərik. Heyətimiz kasaddır. Əsas məsələ sabahkı oyundur.

– Nominal hücumçunuz yoxdur…
– Oyundan öncə etallı danışa bilmirəm. Rüstəmin özünü də mərkəz hücumçusu kimi daha çox bəyənirəm. Keyta və Rəhim də bu mövqedə oynaya bilir. Hücumçu ilə bağlı narahatlığım yoxdur. Felipe Paxtmann komanda ilə məşq edir. Rüstəmə də, ona da çox güvənirəm.

– Rüstəm yoxsa Mirsayib daha hazırlıqlıdır?
– Hazırlıqları eynidir. Hər ikisi universaldır. Belə oyunçuları xoşlayıram. Futbolçuları seçəndə bu amilə diqqət edirəm.

– Müqaviləsi davam edən Ayzaya ilə yolları ayırdız. Bu, nə ilə bağlıdır?
– Mərkəz xəttə transfer etməyi düşünürük. Say olaraq azıq. Bacarıq olaraq çox yaxşı idi. Amma müəyən şeylər varki, mənim komandamda o amillər çox önəmlidir. İstedadlı ola bilərsən, amma digər şeylər əhəmiyyətlidir. Normal ayrıldıq. Bir-birimizi başa düşdük. Brayan Alseusla bağlı da tam başqa problem idi. Onun potensialını bilirəm. Şəxsi problemləri var idi. Fikirli, qayğılı idi, bu da işinə köklənməsinə mane olurdu.  Məşqçi bəzən dərhal qərarlar verməlidir. Mənə hansısa futbolçunu oynatmamaq ağır gəlir. Hər bir oyunçuya şans vermək istəyirəm.  İnsan futbolu sevərək seçir. Ondan oynamağı aldıqda sevgidən məhrum etmiş oılursan. Kimisə oynatmamağı düşünürəmsə, ona məsləhət görürəm ki, başqa yerə gedib oynasın.

– Ayzayanın xarakter problemi var idi?
– Xarakterində ciddi problem yox idi. Hər şeyi demək olmur. Mən bir az fərqli tip futbolçuları xoşlayıram.

– “Makkabi” cütün favoriti sayılır. Komandanızı bu oyuna hazır sayırsız?
– Bəli. “Makkabi”nin favorit sayılması normaldır. Komandanın böyük beynəlxalq təcrübəsi var. Vacib olan kimin necə hazır olmasıdır. Uzun plan qurmuruq. Məni sabah 90 dəqiqənin hər saniyəsi maraqlandırır. Maksimum diqqətli olmalıyıq, ürəyimizi verməliyik. Şansları bərabər görürəm. Düşünürəm ki, sabah “Makkabi”ni təəccübləndirə biləcəyik.

– “Makkabi” rəqib kimi düşəndə təəssüfləndiz, yoxsa sevindiz? Vaxtilə, “Qarabağ”ın “Rusenborq”la oyunları ilə paralel aparmaq olarmı? Həmin oyundan sonra “Qarabağ” yüksəlişə keçdi, “Zirə”də eyni hal ola bilərmi?
– Belə bir qələbə komandanı yeni səviyyəyə qaldıra bilər. 30 rəqibdən 25-i güclü rəqiblər idi. Mən rəqibi seçmirdim. Oynayan vaxtı da belə yanaşmamışam. Püşkün elə bir önəmi yoxdur. Vacib olan oyuna köklənmək, hazırlıq və hədəflərdir. İstəyirəm ki, futbolçular özlərini ən yaxşı tərəfdən göstərsinlər Komandamız bundan daha çoxunu bacarır. İnşallah, sabah meydanda bunu göstərəcəklər.

– “Qarabağ”ın güclü rəqiblər üzərində qələbələri sizə motivasiya verir?
– “Qarabağ”ın qələbələri və göstərdiyi oyundan dünya praktikasından istifadə etmək olar. Ki, bir komanda daha zəif liqada çıxış etsə də, bu cür futbol oynayır və nəticələr əldə edir. Hər bir komanda üzərində qələbə qazanmaq olar. Bunlar böyük əməyin nəticəsidir. Bəzən “Qarabağ” elə üstünlük yaradır ki, düşünürsən bu rəqibi keçmək olar. Amma həmin komandalar bizim çempionatda çox fərqli oyun göstərərlər. Dünən də “Qarabağ” çox yaxşı oynadı, hesab böyük ola bilərdi. Əminik ki, cavab oyununda vacib və önəmli qəıləbə qazana biləcəklər. Bu amillər bütün klublar üçün motivasiyadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43