Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən “Keşlə” – “Qarabağ” matçından sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında çıxış edib.
İdmanxeber.az xəbər verir ki, o, komandasının qolsuz heç-heçə ilə bitən matçını dəyərləndirib:
“İntizamlı və istəkli komandaya qarşı oynayırdıq. Kubokun cavab oyunundan sonra da demişdim ki, hesab bizi aldatmamalıdı. Bu komanda bizə qarşı ciddi hazırlaşır. Çempionatın ilk oyununda burada bərabərliyə qalmışdıq. Bəzi futbolçular çoxdandır ki, 90 dəqiqə oynamırdılar. Çatışmazlıqlar hiss olunurdu. Əziyyət çəkdilər, çox istəkliydilər. Bu oyun bir daha göstərdi ki, daha ciddi və daha istəkli oynamalıyıq. “Keşlə”yə uğurlar arzulayıram.
– Sabah Emil Balayevin komandanı tərk edəcəyi deyilir…
– Belə ehtimal var. Sabah günorta saatlarında dəqiq bilinəcək.
– Bu gün daha çox yerlilər oynadı. Bundan sonra da belə olacaq?
– Özlərindən asılıdı. Hər zaman çalışırıq ki, şans yaradaq hamıya. Daha çox birlikdə oynamalıdılar, oyun təcrübələri çox olmalıdı. Qarşıdakı oyunlarda da onları yenidən meydanda görə bilərik. Hər şey özlərindən asılıdı.