“Neftçi”nin futbolçusu Ervin Koffi “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XIV tur oyunundan əvvəl klubun rəsmi televiziyasına açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı müdafiəçi fasilə dönəmində yaxşı hazırlıq keçdiklərini bildirib:
“Düşünürəm ki, həftəsonu daha yaxşı oyun nümayiş etdirəcəyik. Bəzi oyunçularımız milli komandalarında olduğu üçün bizimlə deyildi. Yoldaşlıq matçında “Zenit”ə qalib gəldik. Bu, kollektivə çox yaxşı təsir edəcək. Uzun müddət doğma meydanda qələbə əldə edə bilmirdik. Ümid edirəm ki, bunun davamını gətirəcəyik”.
Fransalı oyunçu azarkeşlərə də müraciət edib: “Son nəticələrin pis olmasına baxmayaraq, fanatların dəstəyinə ehtiyacımız var. 11 nəfərlə meydanda işimizi görməyə çalışacağıq. Onlar da bizim 12-ci futbolçumuz olmalıdırlar”.
Qeyd edək ki, noyabrın 26-da reallaşacaq “Neftçi” – “Araz-Naxçıvan” görüşü saat 15:30-da start götürəcək.