25 Noyabr 2024
Ölkə futbolu

“Hər şey yaxşıya doğru gedir” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-ə Bakıda qalib gəldikləri (2:1) ilk oyundan sonra “CBC Sport”a görüş barədə fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, o, gərgin keçən görüşdə vacib qələbə qazandıqlarını qeyd edib. Mütəxəssis klubun yeni transferi, bugünkü matçda da fərqlənməyi bacaran Juninyonun oyununa toxunub:

“Hər şey yaxşılığa doğru gedir. O, öz optimal formasından bir az uzaqdadır. Amma məşqdən-məşqə, oyundan-oyuna öz formasını geri qaytarır. Lakin yenə də bir az vaxt lazımdır”.

Qurban Qurbanov son zamanlarda tənqid olunan qapıçı Şahruddin Məhəmmədəliyevin HİK-lə görüşdə komandanı bir neçə real qoldan xilas etməsindən də danışıb: “Qapıçı qol epizodlarında daha ayıq olmalıdır. Şahruddin bu gün bunu bacardı. Bəzən elə qollar olur ki, texniki səhvlərdən buraxılır. Bu, Şahruddinin ən yaxşı forması deyil. Daha yaxşı formada olacaq.

Baş məşqçi sonda qeyd edib ki, cavab matçına qədər HİK-i daha yaxşı analiz edəcəklər: “İnşallah, oyunu tam analiz edəndən sonra baxacağıq. Bu gün rəqibin düşünmədiyimiz hücumları, çıxışları oldu. Əlavələr oldu. İnşAllah bunu səfərdəki matçda aradan qaldıra biləcəyik”. 

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 17-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43